Patruşev ABŞ və müttəfiqlərini Rusiyanın daxili işlərinə qarışmaqda ittiham edib

Patruşev ABŞ və müttəfiqlərini Rusiyanın daxili işlərinə qarışmaqda ittiham edib
# 07 mart 2024 16:21 (UTC +04:00)

ABŞ və müttəfiqləri bizi daxildən zəiflətmək, vəziyyəti qeyri-sabitləşdirmək üçün daxili işlərimizə qarışmaqda davam edir, Şimali Qafqazda etiraz və separatçı prosesləri ruhlandırmaq üçün səylərini artırır, Qərbin nəzarətində olan ictimai təşkilatlardan, təxribatlardan, dezinformasiyadan, mənfi informasiya və psixoloji təsir texnologiyalarından fəal şəkildə istifadə edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

Onun sözlərinə görə, dağıdıcı müxalifət fəalları xarici qeyri-kommersiya təşkilatlarının, beynəlxalq təşkilatların, xarici KİV-lərin və ictimai fondların dəstəyi ilə vətəndaşların dövlət orqanlarına inamını sarsıtmaq üçün federal dairələrdə etiraz fəallığının artmasına təhrik edirlər.

"Kollektiv Qərb neonasist terrorçu Kiyev rejimindən istifadə edərək, Ukraynada ölkəmizi strateji məğlubiyyətə uğratmaq üçün reallaşdırılmayan planlarını həyata keçirməyə çalışır. Qərb irimiqyaslı hərbi və hərbi-texniki yardımı davam etdirməklə faktiki olaraq silahlı münaqişədə iştirak edir. Qərbin Şimali Qafqazda sabitliyi pozmaq cəhdləri davam edir. Bunun bariz nümunəsi ötən ilin oktyabrında Dağıstanda baş verən hadisələrdir, o zaman xaricdən internetdə yayılan təxribatlar və təhriklər nəticəsində hava limanının fəaliyyətinin dayandırılmasına səbəb olan kütləvi iğtişaşlar baş verib.

Xarici dövlətlərin xüsusi xidmət orqanlarının agentləri və əməkdaşlarının, habelə onların nəzarətində olan qeyri-kommersiya təşkilatlarının cəmiyyətdə etiraz əhval-ruhiyyəsinin qızışdırılmasına, separatizm ideyalarının təlqin edilməsinə yönəlmiş fəaliyyətinin qarşısı dərhal alınmalıdır. Destruktiv fəaliyyətlə məşğul olan şəxslərin və təşkilatların xaricdən maliyyələşdirilməsi kanallarının qarşısının operativ şəkildə alınmasını təmin etmək lazımdır. Regionlarda gərginlik yaratmaq cəhdlərinə dərhal reaksiya verməli, dağıdıcı qüvvələrin əhaliyə təsir imkanlarını minimuma endirmək lazımdır", deyə Patruşev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR