Bakı-APA. Son bir həftə ərzində Yaponiyada anomal istilər nəticəsində 3000-ə yaxın insan günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, onlardan 6-sı dünyasını dəyişib.
İyunun 27-dən iyulun 3-dək 2847 nəfər tibb müəssisələrinə müraciət edib. Son günlər Yaponiyanın əksər ərazilərində havanın temperaturu müsbət 35 dərəcədən 38,6 dərəcəyədək yüksəlib.
Ötən il Yaponiyada anomal istilər 100 nəfərin həyatına son qoymuş, ümumilikdə 53 min nəfər xəstəxanalara yerləşdirilmişdi. Ölkədə hərarətin bu ildə yüksək həddə çatacağı proqnozlaşdıran yerli meteoroloqlar bunu Sakit okeanda formalaşan “El-Ninyo” fenomeni ilə əlaqələndirirlər.
"El-Ninyo" iqlim fenomeni okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.