BMT qaçqın və miqrant qadınların cinsi zorakılıqdan qorunması üçün tövsiyələr hazırlayıb

BMT qaçqın və miqrant qadınların cinsi zorakılıqdan qorunması üçün tövsiyələr hazırlayıb
# 21 yanvar 2016 15:40 (UTC +04:00)

“Avropaya yollanan qaçqın qadınlar cinsi və gender əsaslı zorakılığa məruz qalma təhlükəsi altındadırlar”

Bakı-APA. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ( BMT QAK), BMT-nin Əhali Fondu və Qaçqınların işləri üzrə Qadın Komissiyası qaçqın və miqrantların durumu ilə bağlı hesabat yayıb.

BMT-nin Azərbaycandakı Nümayəndəliyindən APA-ya verilən məlumata görə, 2016-cı il yanvarın 15-dək Avropaya gələn qaçqın və miqrantların 55%-i qadın və uşaqlar olub.

Bu, Avropaya gələn qaçqın və miqrantların xüsusi çəkisində qadın və uşaqların sayının artdığını göstərir. Müqayisə üçün 2015-ci ilin iyununda qaçqın və miqrantların xüsusi çəkisində qadın və uşaqların sayı yalnız 27% olub. Hesabatda Avropaya yollanan qaçqın qadınların cinsi və gender əsaslı zorakılığa məruz qalma təhlükəsi altında olduğu vurğulanır. Sərt qış ayları olmasına baxmayaraq, hələ də Avropaya hər gün orta hesabla 2 min insan gəlir. BMT QAK, BMT-nin Əhali Fondu və Qaçqınların işləri üzrə Qadın Komissiyası 2015-ci ilin noyabrında Yunanıstanda və keçmiş Yuqoslav Respublikası Makedoniyada qaçqın və miqrant qadın və qızların bu sahədə üzləşdiyi risklərin birgə qiymətləndirilməsini aparıblar. Qiymətləndirmə ilə bağlı hesabatda bildirilir ki, qaçqın və miqrant qadın və qızların çoxu ya öz mənşə ölkələrində, ya sığınacaq tapdıqları ilk ölkədə, ya da Avropaya səfər etdikləri zaman digər ölkələrdə və Avropanın özündə cinsi və gender əsaslı zorakılığın müxtəlif formalarına artıq məruz qalıblar. Missiya tərəfindən müsahibə aparılmış qadınların bəziləri səfər sənədlərinə və səfərlərinə görə “ödəniş” üçün razılaşma əsasında cinsi əlaqəyə girməyə məcbur olduqlarını bildiriblər.

BMT QAK-ın Avropa Bürosunun direktoru Vinsent Koçetel deyib ki, müstəqil surətdə səfər edən qadın və qızların çoxu tamamilə müdafiəsizdirlər, yanlarında onları müdafiə edə biləcək ailələri və ya icmaları yoxdur. Qaçqınların işləri üzrə Qadın Komissiyasının icraçı direktoru Sara Kosta qeyd edib ki, cinsi və gender əsaslı zorakılığın qarşısını almaq və ya ona reaksiya vermək üçün Avropadakı qəbul mərkəzlərində şərait yaradılmadığına görə qadın və qızlar ehtiyac duyduqları müdafiəyə və layiq olduqları humanitar reaksiyaya nail ola bilmirlər.

Birgə missiya bu qənaətə gəlib ki, hökumətlərin, humanitar subyektlərin, Avropa İttifaqı təsisatlarının hazırkı tədbirləri yetərli deyil, qadın və qızların Avropa ərazisində üzləşdikləri təhlükənin, istismarın və cinsi və gender əsaslı zorakılığın çoxsaylı formalarının qarşısını almaq iqtidarında deyil. Qəbul mərkəzlərinin və sığınacaqların çoxunda təbii tələbatları qapalı şəraitdə təmin etmək üçün imkan, təmiz su, sanitariya qovşaqları və tibbi yardım imkanları və qadın və uşaqların yatması üçün yerlər yoxdur. Bu da onların cinsi və gender əsaslı zorakılığa məruz qalması üçün potensial və ya əlavə risk yaradır. Hesabatda həmçinin Avropa dövlətlərinin hökumətləri və Avropa İttifaqı orqanları üçün bəzi mühüm tövsiyələr yer alıb. Birgə missiya tövsiyə edir ki, sərhədlər daxilində və sərhədlər boyunca qadınları və qızları müdafiə edən koordinasiyalı reaksiya sistemi yaradılsın, xüsusi olaraq cinsi və gender əsaslı zorakılığın qarşısının alınması və aşkar edilməsi məqsədi ilə personal və prosedurlar təşkil edilsin, qadınların cinsi və gender əsaslı zorakılıq barədə məlumat verməsinə və ya yardım xidmətlərindən istifadə etməsinə şərait yaradan tərzdə reaksiya verilməsi təmin edilsin. Eyni zamanda ailə üzvlərinin qovuşması və başqa yerə köçürülməyə və başqa yerdə məskunlaşdırılmağa xüsusi ehtiyacı olan qaçqınların işlərinə prioritet qaydada baxılması da daxil olmaqla xüsusən qadınların, qızların və sağ qalan cinsi və gender əsaslı zorakılıq qurbanlarının müdafiəsinin hüquqi yolları təmin edilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR