Bakı - APA. “1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdi. Bu dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi”.
APA-nın məlumatına görə, bu bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.
Dövlət başçısı deyib ki, Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular: “1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, böyük faciə idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı, ekstremist elementlərə qarşı ciddi mübarizə aparılmamışdı, nizami ordu yaradılmamışdı, cəmiyyətdə milli həmrəylik, milli birlik yox idi. Bütün bu amillərdən, xüsusilə Şuşanın və Laçın rayonunun işğal altına düşməsindən istifadə edərək, - halbuki bu rayonların işğal altına düşməsində bilavasitə AXC-Müsavat qruplaşmasının rolu vardı, - bu qruplaşma hakimiyyəti qanunsuz olaraq zəbt etmişdi və birinci dövrün ikinci dəhşətli mərhələsi başlamışdı. 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi. Baxmayaraq ki, Ermənistan ilə qanlı döyüşlər gedirdi AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhəri onlar tərəfindən bombalanmışdı, qardaş qanı axıdılmışdı və bunun nəticəsində biz daha da böyük itkilərlə üzləşdik”.
Prezident İlham Əliyev bildirib ki, cəmi bir il ərzində AXC-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini itirmək ərəfəsində idi və tarix sanki təkrarlanırdı: “1918-ci ildə əldə edilmiş müstəqilliyi 1920-ci ildə itirdik - 2 il ərzində. Bu dəfə də 2 ildən sonra artıq buna çox yaxın idik. Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır. 1993-cü il dönüş ili idi. İyun ayında Heydər Əliyev Ali Sovetin sədri seçilmişdir və vəziyyət yavaş-yavaş inkişafa doğru getməyə başlamışdır. İlk növbədə, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, ordu quruculuğunda ciddi addımlar atıldı, dövlətçiliyin əsasları qoyuldu, sabitlik təmin edildi. 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Ölkəmizdə çox ciddi siyasi islahatlar aparılmağa başlanıb”.
Dövlət başçısı qeyd edib ki, əslində, müasir Azərbaycanda siyasi sistemin formalaşmasında Yeni Azərbaycan Partiyasının xüsusi yeri var: “1992-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdır və siyasi mübarizə nümunəsini göstərib. Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə aparılmış siyasi islahatlar demokratiyanın inkişafına, insan haqlarının qorunmasına hesablanıb. Azərbaycan o illərdə beynəlxalq təcriddən çıxa bilmib. Çünki ölkəmiz haqqında dünyada informasiya yox idi. Ermənistan erməni lobbisinin imkanlarından istifadə edərək bizə qarşı qarayaxma kampaniyası aparırdı. Bizim isə cavab vermək, reallığı dünya birliyinə çatdırmaq üçün imkanlarımız yox idi. Yəni, beynəlxalq təcridə, informasiya mühasirəsinə son qoyuldu. Azərbaycanda iqtisadi islahatlara start verildi və bazar iqtisadiyyatı prinsipləri bərqərar oldu. Xarici siyasət prioritetləri məhz o illərdə müəyyən edildi. Azərbaycan müasir dünyəvi dövlət kimi öz inkişafına başladı. Yəni, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılıb. Bu gün tarix göstərir ki, bu, yeganə düzgün yol idi”.
***
saat 17.29
Bakı-APA. “Təəssüf ki, müstəqilliyimizin ilk illərində Heydər Əliyev hakimiyyətdə deyildi. Müstəqilliyimizin ilk illəri itirilmiş imkanlar dövrü idi”.
APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, məhz həmin dövrdə Ermənistan torpaqlarımızın işğalına başlayıb: “Həmin dövrdə AXCP-Müsavat qruplaşması yarıtmaz fəaliyyəti ölkəmizi uçuruma apardı. Hakimiyyətdə olanlar yalnız öz mənafeləri üçün çalışdı. Ölkədə sabitlik pozuldu, vətəndaş müharibəsi başladı. Cəmi 1 il ərzində AXCP-Müsavat qruplaşmasının yarıtmaz, xəyanətkar fəaliyyəti nəticəsində Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi acı olardı”.
Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin xalqın tələbi ilə Bakıya gəlişindən sonra Azərbaycanın inkişaf dövrü başlayıb: “Müasir Azərbaycanda siyasi sistemin formalaşmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu var”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq informasiya təcridindən çıxıb, xarici siyasət prioritetləri müəyyən edilib, iqtisadi islahatlara başlanılıb: “Məhz həmin illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımlar atılıb. 2003-cü il müstəqilliyimizin tarixi üçün mühüm əhəmiyyət daşıyır. Çünki 2003-cü ildə Azərbaycanın bundan sonra hansı yolla gedəcəyi haqqında Azərbaycan xalqı öz qərarını verdi. Heydər Əliyev siyasətimi davam edəcək, yoxsa Azərbaycan yenə bəlalarla, fəlakətlərlə üzləşəcək?! Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərərək Heydər Əliyev siyasətinə səs verdi.
2003-cü ildən iqtisadiyyat sahəsində inkişaf dövrümüzü yaşadıq, iqtisadiyyat 3 dəfə artdı. Yoxsulluq 5 faizə endi, işsizliklə güclü mübarizə aparıldı, regionların inkişafına start verildi. Bölgələrimiz canlandı, şəhərlərimiz abadlaşdı. Azərbaycan elektrik enerjisi və qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi. Sosial məsələlər həll olundu, sosial infrastruktur layihələr icra olundu. Texnoloji inkişaf gücləndi. Azərbaycan kosmik ölkələr sırasına daxil oldu. Ölkəmizin təşəbbüsü ilə icra olunan enerji layihələri daha geniş miqyasa çıxdı”.