"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin dövlət büdcəsinin "Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi" bölməsindən maliyyələşən suvarma sistemləri idarəsinin fəaliyyəti və suvarma suyunun Sudan İstifadəçilər Birliklərinə (SİB) və su istehlakçılarına satışı vəziyyətinə dair ekspert-analitik fəaliyyət üzrə SİB-lər tərəfindən suvarma suyunun satış qiymətinin müəyyənləşdirilməsi bir çox hallarda əsaslı olmayıb. "APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı il üzrə hesabatında deyilir.
Sənəddə qeyd olunub ki, suvarma sistemləri idarələri tərəfindən SİB-lərin tətbiq etdikləri suyun qiymətinin “Suvarma Xidmət Haqqı – SXH) əsaslığına lazımı nəzarət təmin olunmayıb, “Meliorasiya və irriqasiya haqqında” Qanunun tələblərinə əsasən SİB-lərin öz növbəsində üzvlərinə və üzvü olmayan şəxslərə verdiyi suya görə haqları Tarif (qiymət) Şurasının müəyyən etdiyi su tarifləri, habelə istifadəsində olan irriqasiya və meliorasiya sistemlərinin saxlanılmasına, istismarının yaxşılaşdırılmasına və inkişafına tələb olunan xərclər nəzərə alınmaqla müəyyən edildiyi halda bəzi rayonların, o cümlədən Lənkəran, Ağcabədi, Füzuli, Şabran, Beyləqan, Tərtər, Oğuz, Biləsuvar, İsmayıllı, Şəmkir, Yevlax, Salyan, Laçın, Xızı, Cəlilabad, Şamaxı, Masallı, Astara suvarma sistemləri idarələrindən su alan SİB-lərin nəzarət tədbirləri ilə əhatə olunan bütün dövrlər üzrə planlaşdırılan xərclər smetasında təsərrüfatdaxili suvarma sistemlərinin istismarı və saxlanılması ilə bağlı xərc nəzərdə tutulmayıb və bu məsələyə nəzarət olunmayıb.
Bununla yanaşı, 2014-cü ildə 28 digər rayonun suvarma sistemləri idarələrindən su alan SİB-lərin təsərrüfatdaxili suvarma sistemlərinin istismarı və saxlanılması ilə bağlı illik planlaşdırılan xərclər smetasında 964 min 764,2 manat nəzərdə tutulduğu halda, həmin xərclərdən 359 min 144,57 manat (37,2%), 2015-ci ildə 28 rayon SİBN-i üzrə 875 min 323,15 manat müvafiq xərc nəzərdə tutulduğu halda 331 min 726,54 manat (37,9%), 2016-cı ildə isə 29 rayonun SİB-ləri üzrə 883 min 859,2 manat xərc planlaşdırıldığı halda ilin birinci yarısında 168 min 556,64 manat (19,1%) icra olunub.
Suvarma sistemləri idarələri və SİB-lər tərəfindən suvarma suyu üzrə əlavə itkilərin qarşısının alınması və itkilərin azaldılması təmin olunmayıb, cəmiyyətin suvarma sistemləri idarələrinin büdcə layihəsinə təqdim etdikləri proqnoz məbləğləri dəqiq hesablamalar aparılmadan tərtib edilib, bir çox SSİ-lər üzrə proqnozlaşdırılmış artıq vəsait il ərzində, xüsusilə ilin son aylarında cəmiyyət tərəfindən dürüstləşdirmə verilərək digər SSİ-lər üzrə büdcə layihəsinə təqdim olunub, proqnoz məbləğlərindən artıq vəsait proqnozlaşdırılaraq icra edilib və qənaət prinsipinə tam əməl edilməyib.
ASC-nin Füzuli və Zərdab SSİ-ləri tərəfindən il ərzində istehlak etdiyi elektrik enerjisinin dəyərindən əlavə 2014-cü ilin dekabr ayında müvafiq olaraq 207 min 110,99 manat və 73 min 370 manat məbləğində elektrik enerjisi üzrə debitor borc yaradılıb. Ekspert-analitik təhlillə əhatə olunan dövrdə 1000 kubmetr suvarma suyunun nasos stansiyaları vasitəsilə mənbədən götürülməsinə və subartezian quyularından çıxarılmasına görə elektrik enerjisinin xərci respublika üzrə orta göstəricidən artıq olub, 2016-cı ilin birinci yarısında elektrik enerjisinin orta xərci əvvəlki illərin illik orta xərcindən 2 dəfəyə yaxın az olub ki, bu da SSİ-lər tərəfindən elektrik enerjisi xərcinin əsasən ilin ikinci yarısında istifadəsindən irəli gəlib.
Cəmiyyətin Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu tərəfindən hazırlanmış və cəmiyyətin Elmi-Texniki Şurası tərəfindən təsdiq edilmiş "Azərbaycanda Respublikasında suvarılan torpaq sahələrində su istehlakının çatışmazlıq təminatı 75% olan illərdə rayonlar və bitkilər üzrə korrektə edilmiş suvarma rejimləri"nə görə ilin son ayında və növbəti ilin ilk aylarında üzüm bağlarının arat suvarlanması nəzərdə tutulub, lakin üzüm bağlarının ətraf suvarılması elmi cəhətdən özünü doğrultmadığı üçün praktikada belə üsuldan istifadə edilməyib.
Ötən 10 il ərzində SİB-lərin fəaliyyətinin formalaşdırılması sahəsində islahatların nəzərdə tutulan səviyyədə həyata keçirilməməsi və SİB-lərin fəaliyyətinə birbaşa nəzarətin zəif olması qarşıya qoyulmuş məqsədə tam çatmağa imkan verməyib, SSİ-lərin təmir xərclərinin azaldılmasına şərait yaradılmayıb, həmçinin Dünya Bankından kredit cəlb edilməklə "Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən həyata keçirilmiş "Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək" Layihəsi çərçivəsində birliklərin ərazisində təsərrüfatdaxili şəbəkələrində müvafiq təmir-bərpa aparılmasına baxmayaraq həmin sistemlər SSİ-lər tərəfindən birliklərin istifadəsinə verilməyib.
SSİ-lər üzrə cari təmir xərclərinin proqnozlaşdırılmasında əvvəlki illərdə suvarma kanallarının lildən təmizlənməsi bəzi hallarda nəzərə alınmayıb, kanalların texniki parametrləri dəqiq hesablanmadan təxmini hesablamalar əsasında aparılıb, kanalların lildən təmizlənməsinin həddi əvvəlcədən müəyyən edilməyib.
Respublikada SİB-lər üzrə suvarma suyunun uçotunun dəqiq aparılmadığı, istifadəsində olan təsərrüfatdaxili suvarma kanallarının əsaslı və cari təmirinə vəsait yönəldilmədiyi, qeyri-kommersiya qurumunun xüsusi forması kimi SİB-lərin maddi-texniki bazasının zəif olduğu, suvarma xidmət haqqının yığım mexanizmində problemlərinin mövcudluğu, uçot-hesabat işlərinin düzgün təşkil edilmədiyi, onların davamlı fəaliyyəti üçün "Meliorasiya və irriqasiya haqqında" qanunda nəzərdə tutulmuş ehtiyat fondlarının yaradılmadığı və s. müəyyən edilib, SİB-lərin SXH-lərin yığım mexanizmindəki çatışmazlıqlar yığım səviyyəsinin az olmasına səbəb olub.
Təsərrüfatdaxili suvarma kanallarının SİB-lərin istifadəsinə tam şəkildə verilməməsi dövlət büdcəsindən bu sahəyə yönəldilən vəsaitlərə qənaət edilməməsi, o cümlədən Cəmiyyətin Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin büdcə vəsaiti hesabına aldığı əsas vəsaitlərin, xüsusilə maşın və mexanizmlərinin əvəzsiz SSİ-lərə verilməsi, SSİ-lərin təmir, yanacaq və əmək haqqı xərclərinin artırılması ilə nəticələnib.
Hesablama palatasının Kollegiyası təhlilin nəticələrini müzakirə edərək aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində qanunvericiliyə uyğun zəruri tədbirlərin həyata keçirilməsi və görülmüş işlərə dair Hesablama Palatasına məlumatın təqdim edilməsi barədə qərar qəbul edib və həmin qərar icra üçün "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə göndərilib.
Hesablama Palatasına təqdim edilmiş məlumatda Kollegiya qərarının ASC-də ətraflı müzakirə olunduğu və müvafiq tədbirlərin görüldüyü, həmçinin gələcəkdə bu istiqamətdə qanunvericiliyin tələblərinə ciddi əməl olunmasına nəzarətin təmin ediləcəyi bildirilib. Məlumatda həmçinin qeyd olunub ki, "Meliorasiya və İrriqasiya haqqında" Qanunun tələblərinə uyğun olaraq SİB-lərin fəaliyyətinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, birliklərin uçot hesabat sənədlərinin təkmilləşdirilməsi, suvarma xidmət haqlarının düzgün müəyyən edilməsi və onun yığım səviyyəsinin yüksəldilməsi, birliklərin dayanıqlı inkişafının təmin edilməsi, göstərilən xidmətlərin həcminin və keyfiyyətinin artırılması, ehtiyat fondunun yaradılması, istifadə olunan suyun uçotunun düzgün aparılması, su itkilərinin azaldılması və sudan istifadə ilə bağlı su istifadəçiləri ilə ətraflı izahat aparılması barədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Respublikanın regionları üzrə kənd təsərrüfatı bitkilərinin suvarma rejimlərinin ASC-yə tabeli Hidrotexnika və Meliorasiya Elmi İslahat Birliyi tərəfindən cari ildə yenidən işlənilməsi nəzərdə tutulub.
Suvarma Sistemləri İdarəsinə Sudan İstifadəedənlər Birliklərinin xidmət göstərdiyi ərazidə yerləşən meliorasiya və irriqasiya sistemlərinin birliklərin müraciəti əsasında sistemlərin mürəkkəbliyi, birliyin onları saxlamaq və istismar etmək imkanları nəzərə alınmaqla, tədricən, tam və ya hissə-hissə mövcud qaydalara uyğun olaraq birliklərin istifadəsinə verilməsi barədə tapşırıq verilib.
ASC suvarma sistemlərindən sənaye, kommunal-məişət və digər məqsədlər üçün verilən sudan istifadənin tariflərinə baxılması barədə təkliflərini İqtisadiyyat Nazirliyinə təqdim edib.
Analitik təhlillə müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması, təkliflərin və verilmiş tapşırıqların icrası cəmiyyət tərəfindən ciddi nəzarətə götürülüb.