Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şükri arasında görüş keçirilib.
APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən xəbər verir ki, görüş Mərakeşdə Rusiya-Ərəb Əməkdaşlıq Forumunun altıncı sessiyası çərçivəsində baş tutub.
Fələstin-İsrail münaqişəsi zonasında inkişaf edən vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi zamanı Qəzza zolağında fəlakətli humanitar vəziyyətə xüsusi diqqət yetirilib. Sergey Lavrov Rusiya vətəndaşlarının anklav ərazisindən təhlükəsiz çıxışının təmin edilməsində göstərdiyi köməyə görə Misir tərəfinə təşəkkürünü bildirib. Uzun müddətdir davam edən münaqişənin sülh yolu ilə həlli və Fələstin xalqının qanuni hüququnun həyata keçirilməsi məqsədi ilə beynəlxalq hüquq normalarına, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının mövcud qətnamələrinə uyğun olaraq 1967-ci il sərhədləri daxilində suveren bir dövlətin yaradılmasının vacibliyi vurğulanıb.
Nazirlər həmçinin Yəmən, Liviya, Suriya və Livandakı böhran və münaqişələrin həlli məsələlərini də müzakirə ediblər.
BRİCS, BMT və digər beynəlxalq platformalarda fəal siyasi dialoqun və qarşılıqlı fəaliyyətin davam etdirilməsi də daxil olmaqla, çoxşaxəli Rusiya-Misir əməkdaşlığının daha da gücləndirilməsinə dair bir sıra aktual məsələlərə toxunulub.