Bakı. Fərid Mirzəyev – APA. Dekabrın 28-də Lənkəran rayonunun Osakücə kəndinin meşə ərazində aşkarlanmış ölmüş 2 baş iri buynuzlu heyvan cəsədindən götürülmüş nümunələrin nəticələri məlum olub. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov APA-ya açıqlamasında deyib ki, heyvanlarda bakterioloji çirklənmə aşkar olunub: “Laboratoriyada heyvanların ölmüş olması bir daha təsdiqləndi”.
O əlavə edib ki, 2 baş iri buynuzlu heyvan cəsədi sabah qanunvericiliyə uyğun olaraq məhv ediləcək: “Qeyd edim ki, reyddən sonra daha 1 baş heyvanın cəmdəyi qeyd edilən ərazidə tapılıb və yerindəcə zərərsizləşdirilib”.
A. Süleymanov qeyd edib ki, faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində istintaq aparılır.
Qeyd edək ki, dekabrın 28-də Lənkəran Rayon Baytarlıq İdarəsi və Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının iştirakı ilə reyd keçirilib. Reyd zamanı Lənkəran rayonunun Osakücə kəndinin meşə ərazində ölmüş 2 baş heyvan cəmdəyi, reyddən sonra isə daha 1 baş heyvanın cəmdəyi qeyd edilən ərazidə tapılıb. Heyvan cəsədləri Masallı rayon Boradigah kənd sakini, özünü qəssab adlandıran Cəfərov Müslüm Əbülfəz oğlu tərəfindən xüsusi "QAZ -24" markalı, 12 BA 284 dövlət nömrə nişanlı maşında daşıyarkən aşkar edilib.