Şirvan. Əlibəy Zeynallı - APA. Baş prokuror Zakir Qaralov Şirvan şəhər Prokurorluğunun inzibati binasında Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarında yaşayan vətəndaşları qəbul edib.
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Z. Qaralov vətəndaşların müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Eyni zamanda, prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması tapşırılıb.
Yekunda baş prokuror müşavirə keçirib. O, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəli aparılması, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı tövsiyə və tapşırıqlarını verib.