Tiflisdə İran və gürcü rəssamlarının sərgisi açılıb

Tiflisdə İran və gürcü rəssamlarının sərgisi açılıb
# 02 mart 2016 22:04 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstan paytaxtındakı Gənclər Sarayında İran İslam Respublikasının Tiflisdəki Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə İran və gürcü rəssamlarının əsərlərindən ibarət sərgi açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir barədə Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Əliyeva bildirib. Onun sözlərinə görə, sərgidə İranın Gürcüstandakı səfiri Abbas Talebifar, Gürcüstan Rəssamlar İttifaqının sədri Quram Tsetsxladze, Gürcüstan mədəniyyət nazirliyinin rəsmisi və başqaları çıxış edərək Gürcüstan-İran tarixi dostluq əlaqələrindən, müasir münasibətlərdən və mədəni əlaqələrin getdikcə inkişaf etməsindən söhbət açıblar. Tədbirdə çıxış edənlər İran və gürcü rəssamlarının əsərlərindən ibarət belə tədbirlərin gələcəkdə də davam etdirilməsi mədəniyyətlərin inkişafına böyük təkan verəcəyini bildiriblər.

Sərgidə İran və gürcü rəssamlarından Nasir Pələngi, Covani Vepxvadze və Bruno Vepxvadzenin 60-dək rəsm əsərləri nümayiş olunub.

Sərginin açılışında Gürcüstan hökumətinin rəsmiləri, İranın Gürcüstandakı səfirliyinin rəsmiləri, diplomatik korpus nümayəndələri, Gürcüstan mədəniyyət nazirliyinin əməkdaşları, gürcü rəssamları, qonaqlar və Tiflis şəhər sakinləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR