Bakı - APA. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində göstərilən səylərə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin müxtəlif aspektlərinə dair müzakirələr aparılıb. H. Salber Azərbaycana budəfəki səfəri çərçivəsində ölkənin Qərb bölgəsində də olacağını nəzərə çatdırıb. O bildirib ki, əsas məqsədi cəbhə bölgəsinə yaxın ərazilərə səfər etmək, qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəraitlə tanış olmaqdır.
Ə. Həsənov Dağlıq Qarabağ münaqişəsi, problemin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə ətraflı məlumat verib.