“Böyük futbola gedən yol məhəllədən başlayır” prinsipinə əsaslanaraq, sağlam həyat tərzinin təbliği və uşaqların futbola marağının artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiyasıyası (AFFA) tərəfindən “Məhəllə futbolu” layihəsi 2016-cı ildə yenidən bərpa edilib. Layihə cərçivəsində futbol oynamaq üçün heç bir şəraiti olmayan həyətdə bir ay müddətində bir səyyar futbol meydançası quraşdırılır.
Ötən ilin yay aylarında Bakının iki məhəlləsində tətbiq edilmiş layihə bu ildən etibarən “PAŞA Sığorta”nın dəstəyi ilə qarşıdakı 4 il ərzində Bakıda və digər şəhərlərimizin məhəllələrində davam edəcək.
Səyyar meydançaların əhalinin istifadəsinə pulsuz verilməsi ilə yanaşı, meydançalarda AFFA-nın təyin etdiyi məşqçilər tərəfindən pulsuz futbol dərsləri də keçirilir. Əhalinin futbola marağını artırmaq üçün mütəmadi olaraq milli komandalarımızın üzvləri meydançaları ziyarət edir və məhəllə sakinləri ilə birgə futbol oynayırlar.
Bu il “Məhəllə futbolu” layihəsi mart ayında Şəki şəhərindən start götürdü. Bu cür layihələr xüsusilə regionlarda böyük maraqla qarşılanır. Şəki şəhərindəki 19 nömrəli məktəbin həyətində quraşdırılan meydançadan idman dərsləri vaxtı məktəblilər, günün digər vaxtlarında isə yaxınlıqda yaşayan sakinlər istifadə edirdilər. Ümumilikdə 30 gün ərzində 1000-dən çox insan meydançada futbol oynayıb.
Əgər meydançanın sizin məhəllənizdə də quraşdırımasını istəyirsinizsə, AFFA-nın rəsmi Facebook səhifəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyası – AFFA və ya [email protected] ünvanı vasitəsilə müraciət edə bilərsiniz.