Baş mama-ginekoloq: “Səbəbləri bilmədən ana ölümlərində birbaşa həkimləri günahlandırmaq düzgün deyil”

Baş mama-ginekoloq: “Səbəbləri bilmədən ana ölümlərində birbaşa həkimləri günahlandırmaq düzgün deyil”
# 21 noyabr 2016 17:34 (UTC +04:00)

“Hamiləlik orqanizmdə illərlə gizli qalan problemlərin üzə çıxmasına şərait yaradır, onları fəsadlaşdırır, bu dövrdə xəstəliklərin gedişatı kəskinləşir. Əgər qadının hər hansı problemi varsa, hamiləlikdən öncə tədbirlər görülməli, bundan sonra ana olmağa icazə verilməlidir”.

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova deyib.

Riskli hamiləliklərlə bağlı sualları cavablandıran baş mama-ginekoloq bildirib ki, riskli hal fizioloji hamiləlikdən kənara çıxma hallarına deyilir: “Təəssüflər olsun ki, bəzi hallarda qadınlarda hamiləlik dövründə ortaya çıxan problemlər nəticəsində bu proses qeyri-fizioloji keçir.

Azərbaycanın bəzi bölgələrində çox erkən nikahlar bağlanır. Ölkəmizin də dəstəklədiyi beynəlxalq normativlərə uyğun olaraq qadının yaşı 18-dən aşağıdırsa, bu, erkən nikah və risk faktorudur.

Eyni zamanda qadının ilk hamiləliyi 40 yaşından sonra baş verirsə, bu da riskli sayılır. Bu qadınlar sosioloji-bioloji faktor üzrə risk qrupuna daxildirlər. Bədən çəkisi artıq olan qadınlar da hamiləliklə bağlı risk qrupuna daxildirlər. Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da artıq çəkili qadınlara daha çox rast gəlinir.

Eyni zamanda çəki normadan az olanda da hamiləlik gedişində bir sıra problemlər ortaya çıxır. Bədən çəki indeksi normativlərinə görə, az çəkili qadınların hamiləliyi başa çatdırmağa gücləri çatmır. Riskli hallardan biri də budur.

Bundan başqa, mamalıqla bağlı risk faktorları da var. Mamalıqla bağlı risk faktorlarına dörd və ondan artıq doğuşun baş verməsi, ölü doğuşlar, vaxtından əvvəl, çox erkən doğuş halı, əvvəlki hamiləliyin gedişində fəsadlaşma yaranması, inkişaf qüsurlu dölün doğulması və s. hallar aiddir”.

Komissiya sədri deyib ki, digər bir risk qrupuna ürək-qan damar sistemində, qaraciyərdə problemləri, ayaqlarda damar genişlənmələri və bəzi qan xəstəlikləri olan qadınlar daxildir.

Bütün bunların həm qadının hamilə qalmasına, həm hamiləliyin gedişinə, həm də doğuşa yüksək risk yaratdığını deyən S. Məmmədova qadınların hamiləlikdən öncə müayinəsinin, problem varsa, müalicəsinin çox vacib amil olduğunu vurğulayıb.

Onun sözlərinə görə, əgər fizioloji hamilə qadınlar, yəni hamiləliyi normal keçən qadınlar qadın məsləhətxanalarına hamiləlik dövründə müvafiq normativ aktlara uyğun olaraq 7 dəfə müraciət etməlidirlərsə, risk qrupuna daxil olanlar daha tez-tez müayinələrə getməlidirlər: “Bu qadınların hamiləliyi ginekoloqla bərabər müvafiq ixtisaslı mütəxəssislər tərəfindən də nəzarətdə saxlanmalıdır”.

S. Məmmədova qeyd edib ki, hamilə qadınlarda ən çox rast gəlinən problemlər anemiyalar, bəzi xroniki xəstəliklər, ürək-damar problemləridir.

Baş mama-ginekoloq onu da xatırladıb ki, səhiyyə nazirinin martın 29-da imzaladığı əmrə əsasən, hamilə, zahı qadınlara göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, yaxşılaşdırılması üçün Bakı şəhərində fəaliyyət göstərən 6 aparıcı doğuşayardım müəssisəsinin mütəxəssisləri regionlara təhkim olunublar. Əmrə uyğun olaraq, bu aparıcı müəssisələrin ayırdığı briqadalar yeddi gündən az olmayaraq yerlərdə qalıb, doğuşayardım tibb müəssisələrində fəaliyyət göstərirlər: ”Quba, Lənkəran, Bərdə, Gəncə, Şirvan, Şəkidə yerləşən müəssisələrə ezam olunan mütəxəssislər həm orada, həm də ətraf rayonlardan müraciət edən ağır patologiyalı qadınların müayinə edib, tövsiyələrini veriblər.

Bu fəaliyyət bu günə qədər də davam edir. Biz artıq görülən işlərin yekunları barədə bir qədər öncə mətbuat konfransı da keçirmişik. Onu da qeyd edim ki, rayonlara ezam olunan briqadalar kifayət qədər işlər görüblər”.

S. Məmmədova deyib ki, bu fəaliyyət nəticəsində Bakıdan rayonlara sanitar aviasiya ilə mütəxəssislərin çağırılması bir neçə dəfə azalıb, ağır xəstələrin vəziyyətdən çıxarılma əmsalı yaxşılaşıb, vaxtından əvvəl doğulan körpələrə xidmət yaxşılaşıb”.

Bununla yanaşı, komissiya sədri qeyd edib ki, bu gün bölgələrdə olan mütəxəssislər Bakıda, xarici ölkələrdə ixtisaslarına uyğun keçirilən kurslara, seminarlara qatılıb biliklərini, təcrübələrini təkmilləşdirilər. Səhiyyə Nazirliyinin beş ildən bir keçirdiyi sertifikatlaşdırma imtahanları da mütəxəssislərin biliklərinin yenilənməsinə şərait yaradır.

Onun sözlərinə görə, bölgələrdə olan perinatal mərkəzlər müasir standartlara cavab verir, lazımi avadanlıqlarla təchiz olunub, ana və körpələrə tam həcmdə yardım göstərə bilirlər: “Mən bu gün fəxrlə Quba Perinatal Mərkəzinin adını çəkə bilərəm. Artıq orada son iki ayda vaxtından əvvəl doğulan uşaqlar ölmür. Demək olar ki, uşaq ölümü sıfıra endirilib”.

Ana və uşaq ölümlərinə görə, mütəxəssislərin ittiham olunması hallarına münasibət bildirən S. Məmmədova deyib ki, o, bütün bunların həkimlərin günahı ucbatından baş verməsi haqda fikirlərlə razı deyil:

“Çox təəssüf ki, bizim insanlar sağlamlıqlarına biganədirlər. Bizdə xaricdə olduğu kimi heç də ən azı ildə bir dəfə Chek-up müayinələrindən keçmirlər.

Bəzən valideynlər qız övladlarında olan problemləri gizlədirlər. Həkim doğuş zamanı, əməliyyat masasında bilir ki, qadında hansısa ciddi xəstəliklər varmış. Halbuki bütün bunlar zamanında məlum olsaydı, həkimə müraciət olunsaydı, fəsadlar yaranmaz, bədbəxt hadisələr baş verməz. Bu gün Azərbaycanda ən müasir lazımi avadanlıqlar, çox savadlı mütəxəssislər hər cür yardım göstərmək imkanına malikdirlər”.

Hər bir ana, uşaq ölümü ilə bağlı Səhiyyə Nazirliyinin, prokurorluğun araşdırma apardığını vurğulayan mütəxəssisin sözlərinə görə, ana ölümlərinin səbəbləri, bununla bağlı aparılan araşdırmaların nəticələri ilə də maraqlananda əsl həqiqət üzə çıxar: “Çünki, anada gizli saxlanılan ürək qüsuru, vərəm, qan xəstəliyi, ümumiyyətlə, hamilə qalmağın qadağan olması kimi hallar üzə çıxır. Ona görə də səbəbləri bilmədən birbaşa həkimləri günahlandırmaq düzgün deyil.

Ana ölümlərinə görə, qadının ətrafı, yaxınları da məsuliyyət daşıyır. Hamiləlikdən öncə həkimə müraciət etmək, vaxtında müayinələrdən keçmək lazımdır.

Hamilə qadınlar həkim nəzarətində olmalıdır, məsləhətxanalara həkimlərin tövsiyə etdiyi zamanlarda müraciət etməlidirlər. Çünki hamiləliyin gedişində, hər müvafiq məqamda ayrıca standart müayinələr aparılmalıdır.

Biz müayinə və müalicələr sübutlu təbabətə əsaslanırıq. Sübut olunan dərman, sübut olunan müayinə üsulu tətbiq edilir. Bu gün bütün dünyada dərmandan nə qədər az istifadə olunsa, bir o qədər yaxşıdır, prinsipi əsas götürülür və biz də bunlara əməl edirik.

Bizim klinik protokollarımızda heç yerdə zoonoz infeksiyaların yoxlanması barədə göstəriş yoxdur. Məsələn, özəl klinikalarda birbaşa hamilə qadınların herpes, xlomidia, toksaplazma, uriaplazma, sitomiqlavirus infeksiyalarını müayinə etdirmələrini istəyirlər.

Bəli, hamiləliyin müəyyən müddətində hamilə qadın kəskin formada bu infeksiyalara yoluxarsa, o zaman dölə və özünə təsir edə bilər. Kəskin formada deyilsə, yoxlamağın nə əhəmiyyəti, nə mənası var?”

S. Məmmədova ailə quran şəxslərin nikahdan öncə müayinələrdən keçmələrinin vacib olduğunu vurğulayıb: “Hamiləlik öncəsi müayinələr, müalicələr mütləq olmalıdır ki, sonradan fəsadlarla, xoşagəlməz hallarla qarşılaşmayaq.

Hər hansı xəstəlik aşkarlanarsa, o zaman sona kimi müalicə olunmaq vacibdir. Əgər qadın ana olmağa hazırlaşırsa, hansısa problemi varsa, bunu zamanında həkimə demək, hamiləlik zamanı mütləq həkim nəzarətində olmaq, həkimin tövsiyələrinə əməl etmək lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR