Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda qanunsuz ağackəsmə, meşələrin məhvi və yaşıllığın korlanması ilə əlaqədar nəzərdə tutulan cəzalar sərtləşdiriləcək.
APA-nın məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Aqrar siyasət komitəsi ilə birgə keçirdiyi iclasda bununla bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.
Cinayət Məcəlləsinin 259-cu maddəsinə (qanunsuz ağackəsmə) təklif edilən əlavə və dəyişikliyə əsasən maddənin tərkibində “qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların” sözləri, “xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların” sözləri ilə əvəzlənəcək. Maddənin sanksiyası ağırlaşdırılaraq belə verilir: 5000 manatdan 7 000 manata qədər cərimə və ya 2 ilədək islah işləri, yaxud 3 ilədək müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilə qədər həbs. Hazırda qüvvədə olan sanksiya isə belədir: iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Məcəllənin 260-cı maddəsində (Meşələri məhv etmə və ya korlama) sanksiya 500 manatdan 2000 manata qədər artırılır və 260.1-1 maddəsi əlavə edilir: Eyni hal külli miqdarda ziyan vurulmaqla törədildikdə 2 000 manatdan 4 000 manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Bundan irəli gələn hallar üzrə İnzibati Xətalar Məcəlləsinə də əlavə və dəyişikliklər müzakirə edilib. Məcəllənin 253-cü (Meşəqırma bileti (orderi) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi) maddəsinə təklif olunan yeniliyə görə, fiziki şəxslər 3100 manat, vəzifəli şəxslər 7 000 manat, hüquqi şəxslər isə 45 000 manat miqdarda cərimələnəcəklər. Hazırda bu cərimənin maksimum həddi 10 000 manata qədərdir.
Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.