Gürcüstanın baş naziri Marneulidəki qarşıdurmada xəsarət almış azərbaycanlı polis zabitinə baş çəkib

Gürcüstanın baş naziri Marneulidəki qarşıdurmada xəsarət almış azərbaycanlı polis zabitinə baş çəkib
# 08 oktyabr 2016 23:34 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın Marneuli rayonunun seçki məntəqəsində qarşıdurma zamanı xəsarət alan polis əməkdaşlarından biri azərbaycanlıdır.

APA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, polis zabiti Ramin İsmayılov ötən gün Gürcüstanda keçirilmiş parlament seçkiləri zamanı Marneuli rayonunun Qızıl Hacılı kəndindəki 48 saylı seçki məntəqəsində hakim "Gürcü arzusu"partiyası və “Vahid Milli Hərəkat” müxalifət partiyasının tərəfdarları arasında baş vermiş kütləvi qarşıdurmanın qarşısını alarkən ağır xəsarət alıb. Onun xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.

Məlumata görə, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Ramin İsmayılova baş çəkib. G.Kvirikaşvili 48 saylı seçki məntəqəsində baş vermiş insidentin planlaşdırılmış təxribat adlandıraraq, onun qarşısının alınmasına görə Ramin İsmayılova və xəsarət almış digər polis əməkdaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, ötən gün Marneuli rayonunun Qızıl Hacılı kəndindəki 48 nömrəli seçki məntəqəsində hakim "Gürcü arzusu"partiyası və “Vahid Milli Hərəkat” müxalifət partiyasının tərəfdarları arasında qarşıdurma baş verib, xəsarət alanlar var.

Məlumata görə, 100-dək dəyənəklərlə silahlanmış naməlum şəxs məktəb binasında fəaliyyət göstərən seçki məntəqəsinə hücum edərək oranı daşqalaq edib və seçki qutularını aparmağa cəhd ediblər. Hücum edənlərlə “Vahid Milli Hərəkat” partiyasının tərəfdarları arasında qarşıdurma baş verib. Əlbəyaxa davada 200-dək şəxsin iştirak etdiyi bildirilir.

Hadisə yerinə xüsusi təyinatlılar da daxil olmaqla çoxlu sayda polis əməkdaşı və həkim briqadaları cəlb olunub.

Məlumata görə, qarşıdurmanın qarşısını almağa çalışan polis əməkdaşları arasında xəsarət alanlar var.

Qeyd olunan seçki subyektlərinin nümayəndələri insidentin baş verməsində bir-birilərini ittiham edir. Hakim “Gürcü arzusu” partiyasının nümayəndələri hadisənin təxribat olduğunu, 48 saylı seçki məntəqəsinin “Vahid Milli Hərəkat” tərəfdarlarının hücumuna məruz qaldığını iddia edirlər. “Vahid Milli Hərəkat” partiyasından majoritar namizəd Əhməd İmamquliyev isə bildirib ki, qarşıdurmaya hakim partiyanın səsvermə zamanı saxtakarlıq törətməyə cəhd etməsi səbəb olub.

Polis vəziyyəti nəzarətə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR