Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov İran xarici işlər nazirinin təhsil və araşdırmalar üzrə müavini Seyed Kazem Sajjadpuru qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında dostluq və tərəfdaşlıq prinsipləri əsasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.
Seyed Kazem Sajjadpur Azərbaycana səfəri çərçivəsində ADA Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib.
Görüşdə, həmçinin iki ölkənin diplomatik təlim müəssisələri arasında əlaqələrin inkişafı, tələbə mübadiləsi və birgə seminar və konfransların keçirilməsinin vacibliyi vurğulanıb.