“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı keçirilib

“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı keçirilib
# 13 oktyabr 2016 10:04 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Prezident Kitabxanasında AMEA Tarix İnstitutu tərəfindən nəşr olunan “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, “Azərbaycan Respublikasının tarixi” ikicildliyi Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə sanballı töhfə, qiymətli hədiyyədir. O bildirib ki, müstəqil Azərbaycan dövləti mühüm tarixi hadisənin ildönümü ərəfəsindədir: “Bir neçə gündən sonra Azərbaycan dövlətinin müstəqilliyinin bərpasının 25 illiyi tamam olur. Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla bununla bağlı Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına uyğun olaraq Azərbaycan müstəqilliyinin 25 illiyi ilə bağlı böyük, silsilə tədbirlər keçiriləcək”.

Ə. Mehdiyev deyib ki, 25 il əvvəl qazanılmış müstəqilliyin yolu rəvan olmayıb: “Müstəqilliyin ilk illərində böyük çətinliklərlə üzləşdik. Siyasi ziddiyyətlər meydana çıxmışdı. Emosionallıq üstünlük təşkil edirdi. Müstəqillik zamanı yaşanan yüksək əhval-ruhiyyə zamanla xaosla əvəz olundu və ideoloji boşluq yarandı. Lakin Azərbaycan xalqı Heydər Əliyevin göstərdiyi yolla gedərək səfərbər oldu və ardıcıl addımlar atılmağa başlandı. 1993-cü ildən sonrakı dövr müstəqil Azərbaycan dövlətinin formalaşmasında dönüş nöqtəsi oldu. Azərbaycan beynəlxalq aləmdə öz yerini tapdı. Heydər Əliyevin həyata keçirdiyi ardıcıl siyasi kurs dövlətin inkişafı üçün təməl oldu. Bu gün Azərbaycan dövləti prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi sabitliyə nail olub. Azərbaycan mühüm beynəlxalq layihələrin təşəbbüskarı kimi çıxış edir. Azərbaycan müstəqil dövlət kimi çox mühüm potensiala malikdir. Sözsüz ki, gələcəkdə tarixçilərimiz müstəqillik tarixini tədqiq edəcək. Lakin müstəqillik tarixi isti izlərlə də öyrənilməlidir. “Azərbaycan Respublikasının tarixi” iki cildliyi bu baxımdan çox dəyərlidir. Bu nəşrə görə Tarix İnstitutunun əməkdaşlarına təşəkkürümü bildirirəm”.

AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun sözlərinə görə, geniş tədqiqatçılar heyəti tərəfindən yazılmış əsər Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür: “Əsərin 1-ci cildi 1991-2003-cü illəri, yəni Heydər Əliyev dövrünü, 2-ci cildi isə 2003-2016-cı illəri – Azərbaycan prezidenti İlham Əliyevin başçılığı ilə əldə olunmuş tarixi nailiyyətləri və ölkədə aparılan böyük quruculuq, abadlıq illərini əhatə edir. I cilddə 1991-ci ildə Azərbaycan dövlətçiliyinin bərpası bütövlükdə xalqımızın qədim dövlətçilik ənənələrinin dirçəlişi kimi qiymətləndirilir. II cilddə isə 2003-2016-cı illərdə ölkədə aparılmış geniş islahatlar proqramının icrasına, böyük quruculuq və abadlıq işlərinə, xarici siyasət sahəsində əldə olunmuş uğurlara, Heydər Əliyev Fondunun fəaliyyətinə ayrı-ayrılıqda fəsillər həsr olunub”.

Qeyd olunub ki, “Azərbaycan Respublikasının tarixi” iki cildliyinin materialları müasir tarix üzrə mütəxəssis olan tanınmış tarixçi-alimlər tərəfindən yazılıb, hər 2 cilddə müstəqil Azərbaycanın xarici siyasətinə dair fəsillərin müəllifi Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovdur.

Daha sonra tədbirdə tarixçi-alimlər çıxış ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR