Poroşenko: “Ukrayna beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyinə bundan sonra da dəstək verəcək”

Poroşenko: “Ukrayna beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyinə bundan sonra da dəstək verəcək”
# 27 oktyabr 2016 08:35 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycanın bu ölkəyə təyin olunmuş yeni səfiri Azər Xudiyevin etimadnaməsini qəbul edib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, etimadnaməni qəbul edən P. Poroşenko Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrindən söz açıb. O, səfir A. Xudiyevə ölkələr arasındakı çoxşaxəli əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində uğurlar arzulayıb. Prezident BMT TŞ-da Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Dövlət başçısı Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi istiqamətində yürütdüyü siyasətin dəyişmədiyini və bundan sonra da beynəlxalq arenada Azərbaycanın istənilən haqlı mövqeyinə dəstək verəcəyini vurğulayıb.

Bu ilin iyul ayında Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayan P. Poroşenko prezident İlham Əliyevin rəhbərliyi ilə tək Azərbaycanda deyil, ümumiyyətlə, bölgədə qlobal sosial-iqtisadi layihələrin həyata keçirildiyini bildirib. O, Azərbaycanın inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilməsinin fərəhləndirici hal olduğunu qeyd edərək, son illər yenidən qurulmuş Bakı şəhərinin gözəlliyinə valeh olduğunu deyib. P. Poroşenko Azərbaycan və Ukrayna Prezidentləri Şurasında, o cümlədən iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyasının 11-ci iclasında əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyini vurğulayıb. Rəsmi Kiyevin Azərbaycanla iqtisadi, ticari əlaqələrin inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini söyləyən prezident bu istiqamətdə müştərək istehsalat şirkətlərinin qurulmasının zəruriliyinə diqqət çəkib. O, dövlət müstəqilliyinin 25-ci il dönümü münasibətilə Azərbaycan xalqına xoş və səmimi təbriklərini ünvanlayıb.

Azərbaycanla bağlı dediyi isti və səmimi sözlərə görə Ukraynanın dövlət başçısına dərin minnətdarlığını bildirən səfir Azər Xudiyev beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınan Azərbaycan və Ukraynanın dostluğunun daha da inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR