Ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən şaxtalı hava şəraiti yollarda ciddi problemə səbəb olmayıb.
“Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəflinin “APA-Economics”ə verdiyi məlumata görə, bəzi yolların buz bağlanması müşahidə edilib: “Xüsusi ilə körpüləri, Bakı Dairəvi Yolunu buz bağlayıb. Buz bağlayan yollara duz-qum qarışığı səpilib. Hazırda yollarda hər hansı problem yaşanmır. Əgər hər hansı problem yaranırsa, bu həmin nəqliyyat vasitələrinin qışa hazır olmaması ilə bağlıdır. Bu bizim problem deyil, sürücülərin problemidir. Sürücülərin idarə etdiyi avtonəqliyyat vasitələri qışa hazır olmalıdır. Sürücülər yay şinləri ilə hərəkət edirsə, həmin nəqliyyat vasitələri mütləq şəkildə sürüşəcək”.
A.Nəcəfli əlavə edib ki, ötən gecədən başlayaraq soyuq şaxtalı hava şəraiti səbəbindən “Azəravtoyol” gücləndirilmiş iş rejiminə keçib. “Biz hər payız-qış mövsümündə gücləndirilmiş iş rejiminə keçirik. Bununla əlaqədar öncədən tədbirlər planı hazırlanır. Soyuq hava şəraitində, qar yağanda xüsusi ilə nəzarət gücləndirilir. Bütün texnikalar hazır vəziyyətə gətirilir, qum-duz ehtiyatı toplanır”.