Özünüməşğulluq proqramı üzrə təlim kursunu bitirmiş 17 təlimçiyə sertifikat verilib

Özünüməşğulluq proqramı üzrə təlim kursunu bitirmiş 17 təlimçiyə sertifikat verilib
# 19 oktyabr 2016 12:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramının (BMT İP) birgə missiyası ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Regional Peşə Tədrisi Mərkəzində olublar.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, mərkəzdə peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə tanış olan qonaqlar burada özünüməşğulluq proqramı üzrə təlim kursunu bitirmiş 17 nəfər təlimçiyə sertifikatların təqdim edilməsi tədbirində iştirak ediblər.

Sertifikatla təmin edilmiş təlimçilər göstərilən etimadı doğruldacaqlarını, fəaliyyət göstərəcəkləri rayon və şəhərlərdə özünüməşğulluq proqramının uğurla icrası, bu proqrama cəlb edilmək üçün müraciət edən işsiz və işaxtaran şəxslərdə biznes bilik və bacarıqlarının formalaşdırılması üçün səy göstərəcəklərini vurğulayıblar. Daha sonra BƏT və BMT İP birgə missiyası İsmayıllı və Qəbələ rayonlarına gedərək, həmin rayonlarda özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən vətəndaşların cəlb olunduğu təlim kursları ilə tanış olublar.

Qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycan prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, nazirliyin “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Tələbləri” əsasında məqsədyönlü işlər aparılır. Özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən vətəndaşlar bunun üçün biznesin təşkili ilə bağlı müvafiq bilik və bacarıqlara malik olmalıdırlar. Bununla əlaqədar onlara təlimlərin keçirilməsi üçün BƏT-in baş təlimçisinin iştirakı ilə nazirliyin Bakı şəhərindəki və Göyçay rayonundakı Regional Peşə Tədrisi Mərkəzlərində təlim kursları təşkil edilməklə təlimçilər hazırlanır. Artıq bu kursları bitirən 122 nəfər təlimçi sertifikatla təmin olunaraq, müqavilə əsasında ölkənin rayon və şəhərlərində özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən vətəndaşlar üçün təlim kursları keçirlər.

Bildirilib ki, İsmayıllı və Qəbələ rayonları üzrə də təlimçilər hazırlanıb və onlara sertifikatlar verilib. Həmin təlimçilər özünüməşğulluq proqramında iştirak etmək məqsədilə müraciət etmiş şəxslər üçün cari ilin sentyabr ayının 27-dən təlim kursları keçirlər. Bu kurslara İsmayıllı rayonu üzə 17 nəfər, Qəbələ rayonu üzrə 21 nəfər işaxtaran və işsiz vətəndaş cəlb edilib. İki ay davam edəcək kurslarda onlar biznesin təşkili ilə bağlı bilik və bacarıqlar qazanırlar. Təlim müddətində iştirakçılar seçdikləri fəaliyyət sahələri üzrə biznes-plan hazırlayacaqlar. Uğurlu biznes-plan hazırlamış şəxslər ailə bizneslərinin yaradılması üçün müqavilə əsasında mal və materiallarla təmin olunacaqlar.

BƏT-in və BMT İP-in nümayəndələri kursların iştirakçılarının təlim prosesi, gələcəkdə hansı fəaliyyət sahələri üzrə biznes qurmaq planlarının olması ilə maraqlanıblar. Kurslara cəlb olunmuş vətəndaşlar təlimlər zamanı lazımi bilik və bacarıqlara yiyələnmək imkanına malik olduqlarını, gələcəkdə kənd təsərrüfatının ayrı-ayrı sahələri, eləcə də xalçaçılıq, misgərlik, dərzilik və s. fəaliyyət sahələri üzrə ailə biznesi qurmaq istədiklərini qeyd ediblər.

BƏT-in və BMT İP-in birgə missiyası həyata keçirilən təlim prosesi ilə bağlı müsbət təəssüratlarını bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR