Gürcüstanda qadın hüquqlarına həsr olunan regional konfrans keçirilir

Gürcüstanda qadın hüquqlarına həsr olunan regional konfrans keçirilir
# 29 may 2013 19:49 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü və dəstəyi ilə, Gürcüstan Birləşmiş Həmkarlar Təşkilatının təşkilatçılığı ilə qadın hüquqlarına həsr olunan ikigünlük regional konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransı Gürcüstan Birləşmiş Həmkarlar Təşkilatının sədri İrakli Petriaşvili açıb. Sonra konfransda Beynəlxalq Əmək Təşkilatının Asiya və Şərqi Avropa üzrə baş mütəxəssisi Serqeus Qlovatskas, Qırğızıstan Həmkarlar Federasiyasının sədri Asylbek Toktogulov, Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova və başqaları çıxış edərək, müasir şəraitdə qadınların hüquqi müdafiəsindən, onların fəallığının artırılmasından, problemlərdən və qadın rolundan söhbət açıblar. Tədbirdə Gürcüstan, Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və digər ölkələrdən gələn nümayəndələrin fəal iştirakı ilə Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının MDB məkanında necə həyata keçirildiyi və bu prosesdə həmkarlar ittifaqlarının rolu və təsiri müzakirə olunub və dünyada 210 milyon qadının işsiz olduğu qeyd edilib və qadınların iş fəaliyyətində əldə olunan təcrübələr barədə fikir mübadiləsi aparılıb. Konfransın birinci günü iştirakçı qadınlar öz ölkələrində çalışan qadınların rolu barədə çıxışlar edib və müxtəlif mövzularda layihələrin təqdimatı keçirilib, diskussiyalar aparılıb.

Tədbirdə 17 ölkədən 30 nəfər qadın və Avropa Birliyinin müxtəlif ölkələrindən nümayəndələr iştirak edir.

Regional konfransda Azərbaycanı Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Cəmilə Səttarova təmsil edir.

Tədbirdə Gürcüstan və Qırğızıstan həmkarlar təşkilatları arasında əməkdaşlıq barədə memorandum imzalanıb. Sənədi Gürcüstan tərəfdən İrakli Pütriaşvili və Qırğızıstan tərəfdən Asylbek Toktogulov imzalayıb.

Konfransın birinci günü çıxışlar və layihələrin təqdimatı zamanı yaranan sual və cavabların yekunu vurulub və sabah davam edəcək tədbirin planı açıqlanıb.

Gürcüstan Birləşmiş Həmkarlar Təşkilatının sədri İrakli Petriaşvili APA-ya açıqlamasında ikigünlük regional konfransın böyük əhəmiyyət kəsb etdiyini bildirib: “XXI əsrdə qadınların işsizliyi hələ də gündəmdədir, eyni zamanda onların işdən azad olunması baş verir. Gürcüstanda belə hadisələr çox olub. Qeyd edim ki, Azərbaycan beynəlxalq məkanda gedən tədbirlərdə bu mövzu ilə əlaqədar həmişə Gürcüstanı dəstəkləyib. Biz istəyirik ki, qadınlar üçün hər bir şərait yaradılsın. Qadınlarla hakimiyyət hesablaşmalı, qərarlar qəbul olunanda onların da fikir və təklifləri nəzərə alınmalıdır”.

İ.Petriaşvili münaqişələrin həllində qadın rolunun böyüklüyünü bildirib: “Qafqazda iki dağlı döyüşəndə qadın örpəyi onları aralayır, sülh yaradır. Əlbəttə, Cənubi Qafqaz münaqişələrinin həllində qadın rolundan istifadə məqsədəuyğundur”.

Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova APA-ya açıqlamasında regional konfransda böyük qürur hissi ilə Azərbaycanı təmsil etdiyini bildirib: “Tədbirdə qadınların statusu və hüquqlarının müdafiəsi məsələləri daha dərin təhlil olunur. Nailiyyətlər müxtəlifdir. Bu prosesdə Azərbaycan qabaqcıl mövqedə gedir. Bizim Avropa standartlarına cavab verən “Əmək Məcəllə”miz var. 58 konvensiya artıq Azərbaycan tərəfdən ratifikasiya olunub və dövlətdə bu konvensiyaların əsası yaradılıb. Bu gün mən böyük qürur hissi ilə bu konfransda Azərbaycanı təmsil edirəm. Tədbirdə mənim azərbaycanlı qadın kimi və Beynəlxalq Əmək Təşkilatının vitse-prezidenti kimi əhəmiyyətli çıxışlar da etdim. Qeyd edim ki, Azərbaycanda qadınlarımız elm, təhsil, səhiyyə və digər sahələrdə böyük uğurlar əldə ediblər. Milli Məclisin 16%-ini qadınlar təşkil edir”.

C. Səttarova bütün bunlarla yanaşı torpaqlarımızın işğalında ən çox əziyyət və zərər çəkənlərin qadınlar olduğunu deyib: “Lakin onlar özlərində elə bir qüvvə tapıblar ki, həyat davam edir. Onların vətənə məhəbbət hissi heç vaxt tükənmir, yüksək səviyyədədir, sınaqlarda bərkiyirlər, xalqımız məğrur və məğlubolunmaz xalqdır, qələbələr bizimlə olacaq”, deyə C. Səttarova vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR