Ukrayna prezidenti: “Donbassın taleyi Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazi kimi olmayacaq”

Ukrayna prezidenti: “Donbassın taleyi Abxaziya, Cənubi Osetiya və Dnestryanı ərazi kimi olmayacaq”
# 25 sentyabr 2014 14:59 (UTC +04:00)

APA-nın “Gazeta.Ru”ya istinadən verdiyi məlumata görə, Ukrayna prezidenti əvvəlcə “2020” şərti ad verdiyi strategiyasını açıqlayıb.

P. Poroşenko deyib ki, 3 aydan çox müddətdə hazırlanmış strategiya 60 islahatdan ibarətdir: “İslahatlar geniş olmalı və bütün Ukrayna vətəndaşlarını əhatə etməlidir”.

Prezident qeyd edib ki, həyata keçiriləcək islahatların əsas məqsədi 2020-ci ilə kimi Ukraynanın Avropa Birliyinə üzvlük üçün hazır vəziyyətə gəlməsidir: “Bu islahatların alternativi dünyada tam tək qalmağımız olacaq – Rusiya ilə təkbətək. İslahatların uğurlu keçməsi üçün, ancaq cüzi sayda adamları zənginləşdirən oliqarx-klan sistemini məhv etmək lazımdır”.

Prezident Nazirlər Kabinetinə yeni parlamentin tərkini müəyyənləşənə qədər geniş miqyaslı islahatlar proqramı da hazırlamağı tapşırdığını əlavə edib.

Daha sonra jurnalistlərin suallarını cavablandıran Ukrayna prezidenti rusiyalı həmkarı ilə yaxın üç həftə ərzində Avropa Birliyi liderlərinin də iştirakı ilə görüşəcəyini qeyd edib: “Artıq bu istiqamətdə ilk razılıq əldə olunub”.

P. Poroşenko Donbassın “xüsusi statusu” barədə məsələyə də aydınlıq gətirib. Prezident qeyd edib ki, burda xüsusi statusdan yox, xüsusi yerli özünüidarəetmə rejimindən söhbət gedir. O deyib ki, söhbət hakimiyyətin qeyri-mərkəzləşdirilməsindən gedir və separatçıların indi nəzarət etdiyi ərazilər Ukrayna hökumətinin nəzarətində olacaq: “Onlar heç bir prokuroru təyin etməyəcəklər. “Xalq milisi” Ukrayna qanunlarına tabe olacaq. Donbassın taleyi Abxaziya, Dnestryanı və Cənubi Osetiya kimi olmayacaq”.

Prezident Ukrayna silah istehsalçılarının da əməyini qeyd edərək bildirib ki, 100 günlük antiterror əməliyyatları ərzində Ukrayna əsl ordu yaradıb: “Əvvəl döyüşməyə adam və silah da tapılmırdı”.

Dövlət başçısının sözlərinə görə, Ukraynanın müdafiə sənayesi sutka ərzində 30-40 ədəd hərbi texnika istehsal edir, əməliyyatlar zamanı isə Ukrayna hərbi texnikasının 60-70 faizi məhv edilmişdi: “Əgər Ukrayna şərqdə hərbi vəziyyət tətbiq etsəydi, dünyanın və Qərbin dəstəyini itirəcəkdi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR