Bu gün Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşü keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qrupun rəhbəri Arzu Nağıyev qonaqları salamlayaraq bildirib ki, ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlər mühüm rol oynayır.
O, Gürcüstanla siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini söyləyib və ölkələrimiz arasında olan tarixi dostluq münasibətindən danışıb.
Strateji tərəfdaşlıq məsələlərinə toxunaraq bildirib ki, mövcud birgə layihələr nəticəsində iki ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Sonra millət vəkili parlamentin qanun yaradıcılığı prosesindən söz açıb. Ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan islahatlardan danışıb.
Dağlıq Qarabağ münaqişəsi barədə danışan deputat Azərbaycanın problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduğunu diqqətə çatdırıb.
Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze səmimi görüşə görə dostluq qrupunun üzvlərinə minnətdarlığını bildirdib. Hər iki ölkənin əldə etdiyi nailiyyətlərdən danışan səfir deyib ki, Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir. Qarşılıqlı səfərlər əlaqələrimizin möhkəmlənməsinə töhfə verir. Gürcüstan gələcəkdə də Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Görüşdə Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əminə Ağazadə, Məzahir Əfəndiyev, Naqif Həmzəyev, Tural Gəncəliyev ikitərəfli əməkdaşlığın inkişafı barədə öz fikirlərini açıqlayıblar.