COP Sədrlikləri Üçlüyünün mədəniyyət nazirləri Sankt-Peterburqda görüşüb

COP Sədrlikləri Üçlüyünün mədəniyyət nazirləri Sankt-Peterburqda görüşüb
# 12 sentyabr 2024 16:45 (UTC +04:00)

Bu gün COP28 Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), COP29 Azərbaycan və COP30 Braziliya Sədrliklərinin mədəniyyət nazirləri Rusiyanın Sankt-Peterburq şəhərində üçtərəfli görüş keçirib.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əsas məqsədi COP29 çərçivəsində keçiriləcək mədəniyyət nazirlərinin İkinci Yüksək Səviyyəli Görüşünün proqram və formatını müəyyən etmək olan görüşdə Azərbaycan mədəniyyət naziri Adil Kərimli, BƏƏ mədəniyyət naziri Səlim bin Xalid Əl Qassimi və Braziliya mədəniyyət naziri Marqaret Menezes iştirak edib.

Şarm Əl-Şeyxdə keçirilmiş COP27-dən başlayaraq beynəlxalq gündəlikdə mədəniyyətin iqlim fəaliyyətindəki rolu aktuallıq qazanmağa başlayıb. Qeyd edək ki, ötən il Dubayda keçirilən COP28 zamanı, BƏƏ və Braziliya sədrlikləri ilə "Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti üzrə Əmirliklər Bəyannaməsi" qəbul olunub. Bu çərçivədə 30-dan çox nazir və hökumət nümayəndəsini, həmçinin beynəlxalq təşkilatların rəhbər və nümayəndələrini bir araya gətirərək, mədəniyyətin transformativ iqlim fəaliyyətindəki rolunu əhatə edən mədəniyyət nazirlərinin Birinci Yüksək Səviyyəli görüşü keçirilib.

Azərbaycan da öz növbəsində bu məsələni hər zaman xüsusi diqqətdə saxlamış və qlobal səviyyədə müzakirə olunması istiqamətində davamlı işlər aparmaqdadır. 1-3 may tarixlərində baş tutan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu zamanı dünyanın aparıcı iqlim və irs üzrə ekspertlərinin iştirakı ilə baş tutmuş xüsusi plenar sessiyanı buna nümunə kimi göstərmək olar.

Hər iki nazir Azərbaycan tərəfinə bu məsələləri daima diqqətdə saxladığına və beynəlxalq müstəvidə təbliğ etdiyinə görə təşəkkürlərini bildirib.

COP29-un hazırlıq işləri ilə də tanış olan Braziliya və BƏƏ mədəniyyət nazirləri hazırlıq işlərini yüksək qiymətləndirib və Bakıda keçiriləcək COP29-un ən yaddaqalan tədbir olacağına əmin olduqlarını ifadə ediblər.

Eyni zamanda görüş zamanı nazirlər COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan əlavə tədbir, təşəbbüs, o cümlədən konsert və şou poqramlar barədə də fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR