Pekin Olimpiadasında iştirak etmiş Azərbaycan idmançısında dopinq aşkarlanıb

Pekin Olimpiadasında iştirak etmiş Azərbaycan idmançısında dopinq aşkarlanıb
# 26 oktyabr 2016 22:10 (UTC +04:00)

Bakı-APA.Pekin-2008 Yay Olimpiya oyunlarının daha bir neçə iştirakçısında dopinq aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, onların arasında azərbaycanlı ağır atlet də var.

Belə ki, Sərdar Həsənov da dopinqdə “ilişib”. Sərdarın Pekin Olimpiadasında dopinqli halda yarışdığı bir neçə ay əvvəl iddia olunmuşdu. O vaxt idmançımız günahsız olduğunu bildirmişdi: “Mən 8 il əvvəl təmiz çıxmışdım. Olimpiadaya yollanmazdan əvvəl 3 dəfə dopinq-testdən keçdim. Bu analizlərin heç birində orqanizmimdə dopinq aşkarlanmadı”. Ancaq göründüyü kimi Beynəlxalq Atletika Federasiyası onunla eyni fikirdə deyil.

Açıqlanan nəticələrdən sonra özbəkistanlı güləşçi Soslan Tigiyev, ukraynalı ağır atlet Olqa Korobka, belaruslu ağır atlet Andrey Rıbakov, qazaxıstanlı güləşçi Taymuraz Tigiyev gümüş medaldan, rusiyalı yüngül atlet Yekaterina Volkova və belaruslu ağır atlet Anastasiya Novikova bürünc medaldan məhrum ediliblər.

Maraqlıdı ki, Çin paytaxtında 62 kq çəki dərəcəsində podiuma çıxan atlet çıxışını başa vurmamışdı. O, birdən qaldırma hərəkətində 3-cü cəhdində 128 kq çəkini ram etsə də, təkanla qaldırmada sifariş etdiyi 152 kq çəkinin öhdəsindən gələ bilməmişdi.

Həsənova kimi yığmamızın digər üzvü Boyanka Kostova da London-2012-də istifadəsi qadağan olunan preparatlardan istifadədə günahlandırılıb. Onun orqanizmində deqidroxlorometiltestosteron və stanozolol maddələri aşkarlanıb. Milliləşdirilmiş legionerimiz Beynəlxalq Ağır Atletika Federasiyasının yekun qərarını gözləyir.

Kostova və Həsənovdan fərqli, ABŞ-ın Hyuston şəhərində təşkil olunan dünya çempionatında dopinq testdən keçə bilməyən Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti 2019-cu ilin dekabrınadək nəzərdə tutulub. Həmçinin Xristovun həmin çempionatda qazandığı bürünc medalı əlindən alınıb və yığmamız Rioya qazandığı 4 lisenziyadan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR