İndoneziya Respublikasının Şimali Sumatera İslam Dövlət Universitetinin rektoru, professor Saidurrahmanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
BDU Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov nümayəndə heyəti ilə görüş zamanı universitetin beynəlxalq əlaqələrindən, İndoneziya ali təhsil müəssisələri ilə əməkdaşlıqdan bəhs edib.
Rektor, professor Saidurrahman təmsil etdiyi universitet haqqında məlumat verib, BDU ilə əməkdaşlığın hər iki tərəfə fayda verəcəyinə əminliyini ifadə edib.
Təhsil və elm istiqamətində bir çox məsələlərin müzakirə olunduğu görüşdə universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə professor-müəllim və tələbə heyətinin mübadiləsi, birgə tədqiqat işlərinin hazırlanması, konfrans və simpoziumların keçirilməsi və s. kimi məsələlər öz əksini tapıb.
Görüşdə İndoneziyanın ölkəmizdəki səfiri Husnan bəy Fanani, BDU-nun İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev və xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova da iştirak edib.