Lisenziya tətbiq ediləcək sahələrə dair qanun layihələri parlamentdə müzakirəyə çıxarılmazdan əvvəl təhlili olunacaq

Lisenziya tətbiq ediləcək sahələrə dair qanun layihələri parlamentdə müzakirəyə çıxarılmazdan əvvəl təhlili olunacaq
# 03 noyabr 2016 08:03 (UTC +04:00)

Nazirlər Kabineti “Tənzimləyici təsirin təhlili Qaydası”nı təsdiq edib.

APA-nın məlumatına görə, tənzimləyici təsirin təhlili özündə lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinə dair qanun layihələrinin qəbul edilməsinin sahibkarlıq fəaliyyətinə mümkün təsirinin qiymətləndirilməsi və lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsipləri, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyənləşdirilməsi meyarları, habelə sahibkarların və dövlətin maraqlarının qorunması amili nəzərə alınmaqla, lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən qanunların sahibkarlıq fəaliyyətinə təsirinin və qarşıya qoyulan məqsədlərə nail olunmasının qiymətləndirilməsini ehtiva edir.

Tənzimləyici təsirin təhlilinin nəticələri tövsiyə xarakteri daşıyır. Dövlət sirri, fövqəladə və hərbi vəziyyətlə əlaqədar və təcili elan edilmiş qanun layihələri, həmçinin lisenziya və icazə müəyyən edən qanunlarda uyğunlaşdırma, texniki və redaktə xarakterli dəyişikliklər nəzərdə tutulan qanun layihələri üzrə tənzimləyici təsirin təhlili həyata keçirilmir. Tənzimləyici təsirin təhlili bu Qaydada nəzərdə tutulmuş hallarda və qaydada İqtisadiyyat Nazirliyi və lisenziya və icazə verən orqan (tənzimləyici təsirin təhlilini aparan orqan) tərəfindən həyata keçirilir. Tənzimləyici təsirin təhlilini aparan orqan tərəfindən tənzimləyici təsirin təhlilinin həyata keçirilməsi üçün qanun layihələrinin və lisenziya və icazələri müəyyən edən qanunların təsir göstərdiyi sahələr üzrə fəaliyyət göstərən dövlət orqanlarının mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması təmin edilir. İşçi qrupunun üzvləri lazımi texniki və xüsusi biliklərə malik olmadıqda, tənzimləyici təsirin təhlilinin həyata keçirilməsinə müstəqil ekspertlər cəlb olunur.

Qanun layihələrinin tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinin məqsədi lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə daha səmərəli alternativ tənzimləmə yollarının (sahələrinin) seçilməsindən, onların sahibkarlıq fəaliyyətinə göstərdiyi müsbət və mənfi təsirinin aşkarlanmasından və ən münasib tənzimləmə yollarının (sahələrinin) müəyyən edilməsindən ibarətdir.

Qanun layihələrinin tənzimləyici təsirinin təhlili layihənin hazırlanması zamanı aşağıdakı hallar ortaya çıxdıqda həyata keçirilir:

- lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə məsələnin əlavə olaraq mütəxəssis və ekspertlər tərəfindən öyrənilməsi və təhlili tələb olunduqda;

- lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə məsələnin daha səmərəli tənzimlənməsi üçün müxtəlif variantların mövcudluğu ehtimalı ortaya çıxdıqda.

İqtisadiyyat Nazirliyi qanun layihələrinin tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsində nümayəndəsi vasitəsi ilə tənzimləyici təsirin təhlilini həyata keçirən orqanda yaradılmış komissiyada iştirak edir. Qanun layihələrinin tənzimləyici təsirinin təhlili 90 gün müddətində həyata keçirilir. Qanun layihələrinin tənzimləyici təsirinin təhlili lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə mövcud vəziyyətin öyrənilməsi və təhlil edilməsi, alternativ tənzimləmə yollarının (sahələrinin) müəyyən edilməsi və ən münasib tənzimləmə yollarının (sahələrinin) seçilməsi mərhələlərindən ibarətdir. Lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi təklif olunan sahədə mövcud vəziyyətin öyrənilməsi və təhlil edilməsi mərhələsinin nəticələrinə, habelə mövcud vəziyyətin daha effektiv və səmərəli tənzimlənməsi və ya həll edilməsi məqsədi ilə ən azı üç alternativ tənzimləmə yolu (sahəsi) müəyyən edilir. Mövcud vəziyyətin olduğu kimi saxlanılması fikri alternativ tənzimləmə yollarının (sahələrinin) siyahısına daxil edilə bilər. Ən münasib tənzimləmə yollarının (sahələrinin) seçilməsi mərhələsində sahibkarlıq fəaliyyətinə nisbətən az mənfi təsir göstərən, məsələnin daha effektiv və səmərəli tənzimlənməsi və ya həll edilməsi baxımından kifayət qədər əsaslandırılan tənzimləmə yolu (sahəsi) seçilir. Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlili lisenziya və icazə müəyyən edən qanunlarda sahibkarlıq fəaliyyətinin əsassız ağırlaşdırılmasına səbəb olan müddəaların mövcudluğu ehtimalı ortaya çıxdıqda və belə qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsi Nazirlər Kabineti tərəfindən yaradılan lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlili üzrə komissiyanın təsdiq etdiyi illik planda nəzərdə tutulduqda həyata keçirilir.

Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlili illik planın hazırlanması və təsdiq edilməsi, lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatın hazırlanması və onun ictimai müzakirəsi, lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatla bağlı İqtisadiyyat Nazirliyinin rəyinin hazırlanması, lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabata və ona dair İqtisadiyyat Nazirliyinin rəyinə baxılması mərhələlərindən ibarətdir. Hər il növbəti il üçün illik planın layihəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanır. Lisenziya və icazə müəyyən edən qanunlarda sahibkarlıq fəaliyyətinin əsassız ağırlaşdırılmasına səbəb olan müddəaların mövcudluğu ilə bağlı təkliflər tənzimləyici təsirin təhlilini aparan orqanlar, digər dövlət orqan və təşkilatları, bələdiyyələr, hüquqi və fiziki şəxslər, habelə İqtisadiyyat Nazirliyi tərəfindən verilir. İqtisadiyyat Nazirliyi təqdim olunan təkliflərə baxır və hər ilin 1 avqust tarixinə kimi növbəti ilin illik planının layihəsini hazırlayır. İqtisadiyyat Nazirliyi ictimai müzakirələrin nəticələrinə, dövlət orqanlarının rəylərinə baxır, hüquqi faktlara əsaslanan təklifləri nəzərə alır, illik planın yekun variantını hazırlayır və təsdiq olunması üçün hər ilin 1 oktyabr tarixinə kimi Komissiyaya təqdim edir. Lisenziya və icazə müəyyən edən qanunların tənzimləyici təsirinin təhlilinin həyata keçirilməsinə dair hesabatın və İqtisadiyyat Nazirliyinin rəyinin forması Komissiya tərəfindən təsdiq edilir. Komissiyanın qərarı qanuna uyğun tədbirlərin görülməsinə dair tapşırıq verilməsi üçün Nazirlər Kabinetinə təqdim edilir. Nazirlər Kabineti Komissiyanın qərarı ilə razılaşdıqda, tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqan və təşkilatlarına tapşırıqlar verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR