Gəncə və Göygöldə "Kütləvi çıxarış" kampaniyası keçirilib

Gəncə və Göygöldə "Kütləvi çıxarış" kampaniyası keçirilib
# 04 noyabr 2016 11:55 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “Kütləvi çıxarış” kampaniyasının bir gündə bir neçə şəhər və ya rayonda keçirilməsinə başlanıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, budəfəki kampaniya 4 noyabrda paralel olaraq həm Gəncə şəhərində, həm də Göygöl rayonunda keçirilib. Bir gündə ümumilikdə 220-ə yaxın vətəndaşa daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərilib.

Gəncədə baş tutan kampaniya çərçivəsində daha çox fərdi evlər, onların torpaq sahələri və mənzillər sənədləşdirilib. 50-yə yaxın sakinə hazır çıxarış paylanıb, 30-a yaxın vətəndaşdan əvvəlki illərdə verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət sənədləri qəbul edilib.

Həmin gün Göygöldə keçirilən kampaniya zamanı isə rayonun 30-yə yaxın sakini öz həyətyanı torpaq sahəsi, pay torpağı, vaxtilə kolxoz və ya sovxozlar tərəfindən ayrılmış torpağa və öz torpağında tikdiyi həyət evinə dair çıxarış əldə edib. 20-yə yaxın vətəndaş növbəti mərhələdə çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədlərini də komitənin nümayəndələrinə təqdim edib.

Paralel olaraq kampaniya çərçivəsində Gəncə və Göygölün çoxsaylı sakininə və əmlakının qeydiyyatı ilə maraqlananlara mobil hüquqi yardımlar göstərilib. Gəncədə 40-a yaxın, Göygöldə isə 30-a yaxın vətəndaş bu xidmətdən faydalanıb. Bu zaman əmlak sahiblərinə əmlaklarının qeydiyyatının vacibliyi, qeydiyyata alınan əmlakın üstünlükləri izah edilib, əmlakın qeydiyyatı üçün prosedurlar, tələb olunan sənədlər barədə məlumat verilib. Mobil hüquqi yardım çərçivəsində qeydiyyat üçün tələb olunan sənədlərin necə və hansı orqanlardan toplanması, ortaya çıxan çətinliklərin həlli ilə bağlı geniş bilgilər verilib.

Kampaniya çərçivəsində komitənin mobil ofisləri vasitəsilə bir sıra vətəndaşa texniki pasportların hazırlanması ilə bağlı çöl-ölçmə və digər texniki xidmətlər də göstərilib.

Qeyd edək ki, kampaniyadan əlavə, mobil ofis xidmətləri çərçivəsində vətəndaşlara ünvanlarda gündəlik qeydiyyat xidmətləri də göstərilir.

Kampaniya qısa müddətdə əksər daşınmaz əmlak sahiblərinin marağını özünə çəkib. Respublika üzrə əhatə dairəsi sürətlə genişlənir. Regionlarda kampaniyadan faydalanan vətəndaşların sayı artmaqdadır. Belə ki, kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini intensivləşdirib. Torpaq sahiblərinin, fermerlərin, kənd təsərrüfatı ilə məşğul olanların daşınmaz əmlakdan daha səmərəli istifadə etməsini təmin edib. İpoteka, girov və daşınmaz əmlakla bağlı digər iqtisadi əməliyyatları daha da stimullaşdırıb.

Xatırladaq ki, hazırda torpaq və evlərin sənədləşdirilməsi “bir pəncərə” prinsipi əsasında həll olunur. Vətəndaş bütün qeydiyyat prosedurunu yalnız bir qurumda - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində həyata keçirir, əlavə qurumlara müraciətlərə ehtiyac qalmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR