Millət vəkili: “Ermənistanın atmaq istədiyi hər bir addım bumeranq effekti ilə özünə qarşı zərbəyə çevrilir”

Millət vəkili: “Ermənistanın atmaq istədiyi hər bir addım bumeranq effekti ilə özünə qarşı zərbəyə çevrilir”
# 23 may 2020 17:24 (UTC +04:00)

“Almaniya XİN-in yaydığı son bəyanatda bir daha Dağlıq Qarabağ adlı bir qurumu tanımadığının bəyan edilməsi bu ölkənin beynəlxalq hüquqa, BMT nizamnaməsinə və Helsinki yekun aktının prinsiplərinə sadiq olmasının nümunəsidir”.

Bunu APA-ya Almaniya XİN-in qondarma Dağlıq Qarabağ Respublikasını tanımadığına dair bəyanət yaymasına münasibət bildirən millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qondarma Dağlıq Qarabağ adlı qurum yaradaraq onu beynəlxalq hüququn subyekti kimi dünyaya tanıtmaq istəyir:

“Beləliklə də status-kvonu legitimləşdirərək işğal etdiyi torpaqları özününküləşdirməyə çalışır. Ancaq Azərbaycan diplomatiyasının səyi nəticəsində irəliyə doğru atmaq istədiyi hər bir addım bumeranq effekti ilə özünə qarşı zərbəyə çevrilir. Bütün beynəlxalq sənədlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunması prinsipi irəli sürülür və müdafiə edilir”.

Millər vəkili deyib ki, ancaq Almaniya XİN-in bəyanatı təkcə bununla izah edilməməlidir. Bu, həm də Almaniya-Azərbaycan münasibətləri kontekstində qiymətləndirilməlidir. Onun sözlərinə görə, iki ölkə arasında mövcud olan bərəbərhüquqlu tərəfdaşlıq münasibətləri get- gedə inkişaf etməkdədir: “Azərbaycan Almaniya ilə həm Avropa İttifaqına üzv olan ölkələr çərçivəsində, həm də ikitərəfli müstəvidə yaxşı əlaqələr qura bilib. Unutmaq olmaz ki, Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarındadır. Bundan başqa, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və sahəsində Azərbaycan çox mühüm əhəmiyyətli enerji layihələri həyata keçirib və bununla da Avropanın enerji daşıyıcıları ilə təminatı bir qədər daha şaxələndirilmiş olub ki, hazırkı enerji təhlükəsizliyi baxımından bu çox vacibdir. Bundan başqa, ölkəmizin həyata keçirdiyi qlobal yol-nəqliyyat layihələri də tarixi İpək Yolunu bərpa etməklə uzunmüddətli və xeyli təhlükəli hesab edilən dəniz vasitəsilə yükdaşımalara yeni alternativ yaradıb. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da artmasına səbəb olub”.

Millət vəkili bir müddət öncə Fransanın müstəqil məhkəmələri tərəfindən də qondarma rejimlə əlaqə yaradan qurumların anlaşmalarının ləğv edildiyini xatırladıb:

“Bütün bunlar əslində güclənən Azərbaycana adekvat münasibətin göstəriciləri hesab edilə bilər. Almaniyada eyni zamanda, qeyri-qanuni qurumun siyasi reklamını həyata keçirən müxtəlif resursların da fəaliyyəti qadağan edilib ki, bu da işğalçı Ermənistanın və seperatçı qurumun Avropadakı fəaliyyətinə ciddi zərbə vurub. Ancaq şübhəsiz ki, bu cür qərarlar bundan sonra da alınmaqla Avropada işğalçı dövlətin ictimai rəyə təsir etməyə hesablanmış hər cür fəaliyyəti məhdudlaşdırılmalıdır. Bu, Azərbaycan xarici siyasətinin əsas prirorietlərindən biridir. Torpaqlarımız işğaldan azad edilənə qədər də bu siyaət davam etdiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR