Azərbaycanın kənd təsərrüfatı sektoru iqlim dəyişikliyi, o cümlədən temperaturun dəyişməsi, yağıntıların norması və ekstremal hava hadisələrinin artması ilə bağlı əhəmiyyətli risklərlə üzləşir.
APA xəbər verir ki, bunu COP29 Təşkilat Komitəsinin üzvü, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "COP29-a aparan yol: Dayanıqlı və Davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantıda çıxışı zamanı deyib.
O, bildirib ki, bunlar bizim kənd təsərrüfatı məhsuldarlığımıza da təsir edir:
"Məqsədimiz ərzaq təhlükəsizliyimizi və kənd icmalarının güzəranını yaxşılaşdırmaqdır. Xüsusən də kənd təsərrüfatı ərzaq təhlükəsizliyində vacibdir. Azərbaycanda da bu vacibdir, çünki ərzaq təhlükəsizliyində kənd təsərrüfatı böyük rol oynayır. Bütün fermerlər yanaşmalarını dəyişməlidir. Təbiətlə mübarizəni dayandırmalı və onunla işləməliyik. Çünki davamlılıq üçün ölkəmizdə dayanıqlı kənd təsərrüfatına sahib olmalıyıq. Ona görə də biz bu istiqamətdə işləməyə başladıq. Bu sektorda hökumət fermerlərə istehsal üçün subsidiyalar verir və biz fermerlərə yeni mexanizmləri öyrətməyə davam edirik. Məsələn, hər bir fermer əvvəldən öz torpağını öyrənməlidir ki, gübrə istifadəsində qərar verə bilsin və gələcək üçün davamlı məhsul əldə etsin".