Nigar Arpadarai: COP29-a hazırlıq tam sürətlə gedir, bütün komanda səfərbərdir - MÜSAHİBƏ

Nigar Arpadarai

© APA | Nigar Arpadarai

# 14 may 2024 11:39 (UTC +04:00)

Milli Məclisin deputatı, COP29 üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarainin APA-ya müsahibəsi

- Bu ilin noyabrında Azərbaycan COP29-a, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək. Bunun ölkəmiz üçün önəmi nədir? Hazırlıq işləri necə gedir?

- BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP), miqyasına və əhəmiyyətinə görə dünyada ən böyük və önəmli tədbirlərdən biridir. Xatırlatmaq istərdim ki, Azərbaycan dünya ölkələrinin yekdil dəstəyi ilə COP29-a sədrliyini üzərinə götürüb. Bu ilin noyabr ayında bütün dünya Bakıda bir araya gələcək, bu, Azərbaycanın milli və beynəlxalq səviyyədə illərdir apardığı siyasətə, o cümlədən, iqlim dəyişikliyi probleminin həllinə töhfə vermək səylərinə beynəlxalq ictimaiyyətin etimadının təzahürüdür.

COP29-un Azərbaycanda keçirilməsi həm Azərbaycanda bir çox sahələrə, həm də bütövlükdə regiona təsir edəcək.

Bildiyiniz kimi, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik” ili elan olunub və ölkəmizdə keçiriləcək COP29 yaşıl enerjiyə keçidin sürətləndirilməsi üçün böyük müzakirə və fəaliyyət platforması olacaq. Enerji keçidi təkcə ekologiyanın mühafizəsi üçün deyil, həm də enerji təhlükəsizliyimizin gücləndirilməsi və dayanıqlı iqtisadi inkişaf üçün böyük əhəmiyyət kəsb edir. COP29 ölkəmizdə yaşıl enerji layihələrinə və texnologiyalarına daha çox xarici investisiyaların cəlbinə təkan verəcək, bu da dayanıqlı infrastruktura və ekoloji cəhətdən təmiz sənayelərə investisiyanın cəlb edilməsi, gələcəkdə “yaşıl” iş yerlərinin yaradılması imkanlarını təşviq edəcək.

COP29 Azərbaycanda enerji mənbələrinin şaxələndirilməsi, bərpa olunan enerjiyə keçid, enerji səmərəliliyinə nail olunması istiqamətində görülən işləri və gələcək planlarımızı qlobal səviyyədə nümayiş etdirmək üçün mühüm fürsətdir.

Biz hazırda keçirdiyimiz bütün görüşlər zamanı Azərbaycana olan marağın çox böyük olduğunun şahidi oluruq.

Hazırlıq işlərinə artıq tam gücü ilə start verilib. Məlumat üçün qeyd etmək istərdim ki, hər bir COP konfransına ev sahibliyi edən ölkəyə ən azı iki il hazırlıq zamanı verilir, bizim isə COP29-a ev sahibliyi edəcəyimizin elan olunduğu tarixdən cəmi 11 ay qalırdı. Zamanın az olmağına baxmayaraq, əminliklə deyə bilərəm ki, hazırlıq tam sürətlə gedir. Müvafiq dövlət qurumları prosesə cəlb olunub, konfransın ən yüksək səviyyədə təşkili üçün bütün COP29 komandası səfərbərdir və hər bir əməkdaş böyük həvəs və qürurla öz vəzifələrini yerinə yetirir.

- COP29-un gündəliyi müəyyən edilibmi? Gündəlikdə daha çox hansı məsələlərin yer alacağı gözlənilir?

- COP29-un əsas mövzusu “iqlimin maliyyələşməsi” olacaq. Bu kifayət qədər mürəkkəb mövzudur, “yaşıl enerji”yə keçid çox bahalı prosesdir, bunun üçün trilyonlarla dollar lazımdır, bu maliyyənin ayrılma mexanizmləri, istifadə qaydaları və s. bütün bu məsələlər qlobal olaraq müzakirə olunur. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin öz yanaşması və gözləntiləri var. Fikir ayrılıqları var. Məsələn, ada dövlətləri iqlim dəyişikliyindən daha çox əziyyət çəkirlər və maliyyə üzrə qərarların tez qəbul olunmasını gözləyirlər.

İqlim dəyişiklikləri ilə mübarizədə maliyyənin çox vacib rolunu nəzərə alaraq, bu prosesin həyata keçirilmə mexanizmlərinin təkmilləşdirilməsi, müəyyən islahatların keçirilməsi zərurəti mövcuddur. Eyni zamanda, özəl sektorun da maliyyələşmə prosesinə cəlb olunması önəmlidir.

Hazırda bizim danışıqçılar qrupumuz bu istiqamətdə iş aparır, COP29-un danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur. Danışıqların uğurlu nəticələnməsi üçün mümkün həll yolları üzərində fəal iş aparılır. Azərbaycan COP29-a ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır.

Ətraf mühitin mühafizəsi məsələlərində dünya dövlətləri arasında çoxtərəfli müzakirələrin aparılması zəruridir. Eyni zamanda, müzakirə zamanı ölçüsündən, sərvətindən, resurslardan asılı olmayaraq, Yer kürəsinin bütün xalqlarının maraq və istəkləri nəzərə alınmalıdır.

Əminəm ki, COP29 çərçivəsində Bakı – bütün dövlətlərin səslərinin eşidilməsi, həm böyük, həm kiçik dövlətlərin bərabərliyinin təmin olunması üçün bir platforma olacaq.

- Nigar xanım, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu kimdir, onun rolunu, vəzifəsi haqda məlumat verə bilərsinizmi?

- BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu vəzifəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının çox istiqamətli prosesində önəmli vəzifədir. COP21 çərçivəsində yaradılıb, əsas funksiyası müxtəlif tərəfdaşlar, bölgələr, bizneslər və investorlar tərəfindən həyata keçirilən geniş fəaliyyətlərlə hökumətlərin işini əlaqələndirmək, maraqlı tərəflər arasında körpü yaratmaq, özəl sektor, bizneslər, vətəndaş cəmiyyəti, QHT-lər və digərləri ilə işləyərək, onları bir araya gətirərək inklüziv bir prosesi təşviq etmək, iqlim dəyişikliyi ilə mübarizə mövzusunu təbliğ etməkdən ibarətdir. Yəni, İqlim Çempionu “qeyri-dövlət tərəfdaşlarının” - vətəndaş cəmiyyəti, QHT-lər, özəl sektor, xeyriyyə təşkilatları, şəhərlərin nümayəndələri və s. - COP prosesinə cəlb olunması üçün səy göstərir, eyni zamanda, məlumatlılığı artırmaq sahəsində fəaliyyət göstərir.

COP29-un İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu olaraq, mən və komandam bütün tərəfdaşlarla aktiv işləyirik. COP29-un mövzusunun iqlimin maliyyələşməsi olduğunu nəzərə alaraq, özəl sektorun, biznesin bu prosesə cəlb olunmasının önəmli hesab edirəm və ona görə də hazırda özəl sektorla, həm böyük korporasiyalar, həm də kiçik və orta bizneslərlə, sahibkarlarla bir çox müzakirələrimiz olur. Bu istiqamətdə COP29-dan öncə və COP29 zamanı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

- Bəs Azərbaycana nə qədər xarici qonağın gələcəyi gözlənilir? Ümumiyyətlə COP29 turizm sahəsinin inkişafına necə təsir edəcək?

- Ölkəmiz bu günədək müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib, iştirakçı sayına və miqyasına görə COP29 təbii ki, ən böyük tədbir olacaq. Hazırda dəqiq rəqəm söyləmək çətindir, bunu Əməliyyat Şirkəti qeydiyyat prosesindən sonra elan edəcək, amma ümumilikdə COP-larda 40-80 min arası iştirakçı olur. Təbii ki, Azərbaycana səfər edəcək insanların rahatlığı üçün bütün lazımi tədbirlər görüləcək.

Azərbaycan dəfələrlə irimiqyaslı tədbirlərə ev sahibliyi edib və bu, ölkənin tanıdılması məsələsinə öz töhfəsini verib. Bu dəfə də, tədbir ərəfəsi və çərçivəsində ölkəyə on minlərlə xarici ziyarətçinin səfəri baş tutacaq ki, bu da turistik aktivliyin artması və turizm sənayesinin canlanmasına öz töhfəsini verəcək. Tədbir Azərbaycanın tarixi, mədəniyyəti, maddi və mədəni milli irsi ilə yanaşı, ölkəmizin eko-turizm, aqroturizm, məsuliyyətli və dayanıqlı turizm kimi yeni sahədə də geniş potensiala malik olduğu haqqında məlumatlılığı artıracaq.

Tədbir ölkəmizin biznes və işgüzar turizm potensialının tanıdılması baxımından mühüm imkanlar ehtiva edir. Müvafiq infrastruktur, təşkilati və texniki bazanın mövcudluğu, ölkəmizin irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etmək üzrə geniş təcrübəsi COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil olunmasında əhəmiyyətli məqamdır.

COP29 bütövlükdə iqtisadiyyat, o cümlədən turizm və turizmlə birbaşa və dolayı yolla əlaqəsi olan digər sahələrdə gəlirliyin artmasına və inkişafa müsbət təsir edəcək. Azərbaycanda turizm sənayesi ilə əlaqəli olan kiçik və orta sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradacaq. Bura hotelçilik, turizm agentlikləri, turizm bələdçiliyi, ictimai iaşə, nəqliyyat, əyləncə və digər sahələri aid edə bilərik.

- COP tədbirinə ev sahibliyi etmək potensial olaraq investisiyaları cəlb etmək baxımından fürsət kimi dəyərləndirilir. Bu istiqamətdə hansısa planlar varmı?

- Bu çox önəmli məsələdir. COP29-un tədbirin özünün keçirilməsi baxımından önəmi ilə yanaşı, həmçinin uzunmüddətli perspektivdə ölkəyə gətirdiyi fayda baxımından da önəmlidir. Tədbir Azərbaycan üçün dayanıqlı infrastruktura və ekoloji cəhətdən təmiz sənayelərə investisiyanın cəlb edilməsi, gələcəkdə “yaşıl” iş yerlərinin yaradılması imkanlarını təşviq edəcək.

Dünyanın enerji gündəmi bərpa olunan enerji mənbələrinə doğru dəyişir və COP29-un yaşıl enerji sazişləri Azərbaycan üçün yeni iqtisadi imkanların yaradılmasına töhfə verəcək. COP29-da qarşıya qoyulan məqsədlərə uyğun olaraq, Azərbaycan iqlim dəyişikliyinə davamlı layihələrin həyata keçirilməsi, innovasiyaların stimullaşdırılması və həm ətraf mühitin mühafizəsi, həm də iqtisadi rifahı prioritetləşdirən yaşıl iqtisadiyyatın təşviqi üçün beynəlxalq dəstək və maliyyə mexanizmlərindən istifadə edə bilər. COP29 həmçinin, Azərbaycanın iqtisadi potensialının nümayiş etdirilməsinə şərait yaradacaq. Dünyanın müxtəlif ölkələrindən olan şirkətlər Azərbaycanda biznes imkanlarına cəlb oluna biləcək.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR