Sərnişinlər terminal binasına daxil olduqda, tibb işçiləri tərəfindən xüsusi avadanlıq vasitəsilə hərarəti ölçüləcək və lazım olduqda xüsusi testləşdirmə aparılacaq.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.
Qaydalara əsasən, belə yoxlama nəticəsində tibbi baxımdan şübhəli məqamlar müəyyən olunarsa, Azərbaycan Respublikasının vətəndaşları dövlət hesabına, əcnəbi vətəndaşlar isə şəxsi və ya aidiyyəti aviadaşıyıcı hesabına karantinə və ya müalicəyə alınacaqlar.
Sərnişinlərin hava gəmisindən çıxması zamanı məsafəyə riayət etmələri tələb olunur. Kabinə ekipajı hava gəmisindən çıxış zamanı sərnişinlərin toplaşmasının qarşısını almaq üçün çıxış qaydasını tənzimləyir.
Terminal binasına daxil olarkən sərnişinlərin əlləri dezinfeksiya olunur, həmçinin tibbi maskası olmayan sərnişinlərə maska təqdim edilir.
Belə yoxlama nəticəsində tibbi baxımdan şübhəli məqamlar müəyyən olunarsa, Azərbaycan Respublikasının vətəndaşları dövlət hesabına, əcnəbi vətəndaşlar isə şəxsi və ya aidiyyəti aviadaşıyıcı hesabına karantinə və ya müalicəyə alınırlar.
Sərnişinlər sərhəd nəzarəti zonasında xüsusi döşəmə məsafə işarələrinə əsasən məsafəyə riayət etməklə və növbəli qaydada sərhəd nəzarətindən keçirlər və prosedur başa çatdıqdan sonra əllərini dezinfeksiya edirlər.
Reyslə gəlmiş sərnişinlərin baqajı xüsusi ayrılmış yerdə dezinfeksiya olunaraq alınması üçün baqaj lentinə göndərilir. Sərnişinlər baqajın təhvil alınması zonasında məsafəyə riayət olunması məqsədilə xüsusi döşəmə üzərində işarələnməni nəzərə almaqla baqajı götürərək terminal ərazisini tərk edirlər.