Bu gün Audiovizual Şuranın və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” adlı tədbir keçirilib.
APA xəbər verir ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən təsdiq edilən tədbirlər planı çərçivəsində təşkil olunan tədbirin məqsədi audivizual media subyektlərinin sözügedən mövzuya dair maarifləndirilməsi işinin gücləndirilməsi və bu istiqamətdə görülən işlərin nəticələrinin ictimaiyyətə çatıdırılması olub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Audiovizual Şura sədrinin müşaviri Haşim Əliməmmədzadə deyib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib:
"Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bununla yanaşı Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur".
O əlavə edib ki, məhz bu görülən işlər nəticəsində, Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyası beynəlxalq səviyyədə də təqdir olunub və bunun sayəsində “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi haqda COP28-in 11 dekabr 2023-cü ildə Dubayda keçirilən plenar iclasında qərar qəbul edilib:
"COP abriviaturunun mənası Conference of Parties, yəni tərəflər konfransı deməkdir. İlk dəfə 1995-ci ildə Almaniyada, Berlin şəhərində keçirilib. Sonuncu sessiya yəni 28-ci sessiya keçən il Dubayda keçirilib. 29-cu sessiyanın keçirilməsi ilə bağlı Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan dövlətləri də öz namizədliklərini irəli sürüb. Lakin sonradan Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılan birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilən birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.
COP29-un Azərbaycanda keçirilməsi haqda qərardan sonra 25 dekabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan olunub. Bu sərəncama əsasən bir çox dövlət qurumlarının üzərinə öhdəliklər qoyulub. Sözsüz ki bu öhdəlikləri həyata keçirən qurumlardan biri də Audivizual Şuradır".
Tədbirinin gedişində təqdimatla çıxış edən Audiovizual Şurasının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı Audiovizual yayımçılar tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı ilk 8 ayda yayımlanmış məlumatların ümumi həcmini açıqlayıb. O bildirib ki, 8 ay ərzində ümumölkə televiziya yayımçıları və peyk yayımı həyata keçirən platforma yayımçıları ümumilikdə 20 mindən çox süjet, reportaj, proqram və 5 mindən çox sosial çarx yayımlayıb:
"Hər ay ərzində ümumölkə televiziya yayımçıları və peyk yayımı həyata keçirən platforma yayımçıları təxmini 600-dən çox sosial çarx yayımlanıb. Hər bir yayımçının isə ay ərzində təxminən 60-dan çox sosial çarx yayımladığı təhlil olunub".
Həmçinin tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova deyib ki, cari ildə 5 milyon ağacın əkilməsi planlaşdırılır:
"Oktyabrın sonundan ölkəni əhatə edən yaşıllıq işləri həyata keçiriləcək. Ötən il ərzində 3 milyondan çox ağac əkilib".
O əlavə edib ki, su itkilərinin qarşısının alınması, yeni su ehtiyatlarının yaranması üçün müəyyən tədbirlər həyata keçirilir:
"Əsas su mənbəyi kimi təkrar emal edilən sulardan geniş istifadə olunur. Bu isə sudan səmərəli istifadəyə gətirib çıxarır".
Qeyd edək ki, tədbirdə Audiovizual Şuranın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemrləri üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri, audiovizual yayımçıların proqram və efir üzrə rəhbərləri və digər məsul şəxsləri iştirak ediblər.