Nazir Teatr Muzeyinin ekspozisiyasının yenilənməsi üçün göstəriş verib

Nazir Teatr Muzeyinin ekspozisiyasının yenilənməsi üçün göstəriş verib
# 16 dekabr 2009 11:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin ekspozisiyasının yenilənməsi və genişlənməsi ilə bağlı müvafiq qərarlar verib. APA-nın məlumatına görə, bunu Teatr Muzeyinin yubileyinə həsr olunmuş tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev deyib. Nazir qeyd edib ki, Teatr Muzeyinin ekspozisiyasının yenidən hazırlanması çox vacib məsələdir: “Teatr Muzeyinin ekspozisiya fondu zənginləşdirilməlidir. Mən bununla bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına göstəriş vermişəm ki, Teatr Muzeyi ilə birgə bu işi həyata keçirsinlər. Çox təəssüflü haldır ki, bu gün Teatr Muzeyinin ekspozisiyasında yenilənmə aparılmır və yeni tamaşalardan fotolar belə qoyulmayıb. Şəhər və region mədəniyyət idarələri, teatrları da bu işə qatılmalı və hazırlanan tamaşalardan şəkilləri muzeyə təqdim etməlidirlər. Teatrdakı ekspozisiya tək arxivdə saxlanılmalı deyil, eyni zamanda yüksək səviyyədə nümayiş etdirilməlidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR