Amerikanın populyar rep ustası “Xocalıya ədalət” adlı mahnı yazıb - FOTO

Amerikanın populyar rep ustası “Xocalıya ədalət” adlı mahnı yazıb - <font color=red>FOTO</font>
# 18 yanvar 2010 13:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. «Xocalıya ədalət» beynəlxalq məlumat və təbliğat kampaniyası çərçivəsində «Xocalıya ədalət» adlı rep üslubunda mahnı yazılıb. APA-nın məlumatına görə, bununla bağlı mahnının müəllifləri mətbuat konfransı keçiriblər. Kampaniyanın koordinatoru Elşad İsgəndərov bildirib ki, rep üslublu mahnının müəllifi, rep ifaçısı Toni Bləkməndir, aranjiman isə Qordon Vilyamsa məxsusdur. Mahnı T. Bləkmən və Azərbaycanın «Dəyirman» rep qrupu tərəfindən ifa edilir.

Qeyd olunub ki, mahnı Xocalı soyqırımı haqqında həqiqətləri özündə əks etdirməklə dünya ictimaiyyətini bu faciəyə qiymət və Azərbaycanın haqq səsinə dəstək verməyə çağırır. Mahnıda müasir rep ritmləri ilə yanaşı muğam və balaban musiqisindən də istifadə edilib. E. İsgəndərov bildirib ki, hazırda mahnının klipi çəkilir. Klipin çəkilişləri studiya şəraitində, həmçinin Şəhidlər Xiyabanı və məcburi köçkün şəhərciklərində aparılacaq. Mahnı və klipin təqdimatı fevral ayının sonuna planlaşdırılıb. E. İsgəndərov klipin dünyanın bir sıra ölkələrində yayılacağını da qeyd edib.

Toni Bləkmən mətbuat konfransında bildirib ki, o Xocalı barədə əvvəllər də eşidib, amma detallı məlumatları olmayıb: «Bu barədə mən ötən ilin noyabrında Bakıya səfər edəndə daha dərindən maraqlandım. Musiqi ilə hansısa mesajları çatdırmaq daha asandır və mən bu faciəni dünyaya çatdırmaq işini məmnuniyyətlə edirəm. Mən yaxşı bir iş gördüyümə əminəm».
T. Bləkmən Xocalı faciəsi ilə yaxından tanış olanda şok keçirdiyini də qeyd edib: «Afrikada belə hadisələrin olduğunu bilirdim, amma bu regionda birinci dəfə idi belə hadisə ilə qarşılaşırdım».

Qordon Vilyam isə bildirib ki, Xocalı faciəsinin mahiyyətini dünyaya çatdırmaq vacib məsələdir.

Mətbuat konfransının sonunda tədbir iştirakçıları “Xocalıya ədalət” kampaniyası çərçivəsində ABŞ prezidenti və Konqresinə ünvanlanmış, Xocalı faciəsinin insanlığa qarşı cinayət kimi tanınmasını tələb edən müraciətə imza atıblar.

Qeyd edək ki, «Xocalıya ədalət» kampaniyası 2008-ci ilin mayında İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə elan edilib. Kampaniya ötən ilin fevral ayında dünyanın 20-dən artıq ölkəsinin paytaxtında təqdim edilib və il ərzində davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR