Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivi Nyu-Yorka səfər edəcək

Sumqayıt Dövlət Musiqili Dram Teatrının kollektivi Nyu-Yorka səfər edəcək
# 29 yanvar 2010 12:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu il ərzində Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında bir neçə yeni tamaşa hazırlanacaq. Teatrın direktoru Mehman Şükürovun APA-ya verdiyi məlumata görə, yaxın günlərdə Mirzəağa Atəşin ailə-məişət mövzusunda yazdığı “Şərəfin sandığı” komediyasının nümayişi keçiriləcək. Tamaşa əməkdar artist, teatrın baş rejissoru Firudin Məhərrəmovun quruluşunda hazırlanıb.

Əvəz Mahmud Lələdağın qələmə aldığı “Gecikmiş etiraf” tarixi dramının quruluşçu rejissoru Vasif Məmmədovdur. Marat Haqverdiyevin “Məhəbbət yaşa baxmır” müasir komediyasını isə tamaşaya Şahmar Qəribli hazırlayır. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Tuncər Cücənoğlunun “Ziyarətçi” pyesinin quruluşu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin diplomantı Könül Şahbazovaya həvalə olunub.

M. Şükürov bu il teatrın aktrisası, xalq artisti Svetlana Həkimovanın 70 illik yubileyini keçirəcəklərini də açıqlayıb: “Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Dərbəndə qastrola getməyi nəzərdə tuturuq. Bu il eyni zamanda Nyu-York Azərbaycan Assosiasiyasının prezidenti Əli Nəsibovun dəvəti ilə Amerikaya getməyi planlaşdırırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR