“Azərbaycan xalq musiqisinin əsasları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib

“Azərbaycan xalq musiqisinin əsasları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib
# 06 oktyabr 2010 15:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə ittifaqın katibi Firəngiz Əlizadə, tarzən Ramiz Quliyev, əməkdar incəsənət xadimi Zemfira Qafarova və başqaları iştirak edib. F. Əlizadə kitabın çapının əhəmiyyətindən danışıb: “Bu kitabın hazırlanması musiqi təhsili alan tələbələr üçün əvəzolunmaz hədiyyədir. Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyli Azərbaycanın musiqi mədəniyyətini layiqincə inkişaf etdirərək xarici ölkələrdə tanıdıb”.

Sənətşünaslıq doktoru, dərs vəsaitinin tərtibçisi, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının direktoru Tərlan Seyidov isə bildirib ki, kitabın nəşr olunmasında əsas məqsəd birinci sinif şagirdlərinə major-minor sistemlərindən əlavə, Azərbaycan ladının tədris olunmasıdır: “Bu kitab mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə hazırlanıb və 1000 tirajla çap olunub. Düzdür, bu tiraj xalqımız ehtiyacını ödəməyəcək. Buna görə də biz bu vəsaitin elektron variantını hazırladıq”.

Tədbirin davamında xalq artisti Ramiz Quliyevin ifasında musiqilər səsləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR