Milli Teatr Festivalının növbəti mərhələsi oktyabrın 11-dən dekabrın 10-dək davam edəcək

Milli Teatr Festivalının növbəti mərhələsi oktyabrın 11-dən dekabrın 10-dək davam edəcək
# 07 oktyabr 2010 10:14 (UTC +04:00)
Bakl. Ülkər Qasımova – APA. Azərbaycanda Milli Teatr Festivalının növbəti, III mərhələsi oktyabrın 11-dən dekabrın 10-dək davam edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya verdiyi məlumata görə, festivalda Bakı və Sumqayıt şəhərlərində 200 nəfərdən ibarət yaradıcı kollektivlərin iştirakı nəzərdə tutulub. Bu müddətdə Bakı və Sumqayıt şəhərlərində Qax Gürcü Dram Teatrı, “Yuğ” Teatrı, Pantomima Teatrı, Qazax Dram Teatrı, İrəvan Azərbaycan Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Bakı Uşaq Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının çıxışları planlaşdırılıb.
Qeyd edək ki, 2010-cu il fevralın 22-də start götürmüş Milli Teatr Festivalının birinci mərhələsində 6 teatr, ikinci mərhələsində isə 11 teatr iştirak edib. Tamaşalar Bakının müxtəlif teatrlarında, Azərbaycan Teatr Xadimləri İttifaqının və Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnələrində oynanılıb. Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR