İsrafil İsrafilov: “Görsəm ki, bacara bilmirəm, çıxıb gedəcəyəm...” – FOTO

İsrafil İsrafilov: “Görsəm ki, bacara bilmirəm, çıxıb gedəcəyəm...” – <font color=red>FOTO </font>
# 14 yanvar 2011 14:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Akademik Milli Dram Teatrında elə aktrisa var ki, 6 il ərzində bir kitab belə oxumayıb. Həmin aktrisa elə 6 ildir ki, bu teatrda çalışır, ancaq fəaliyyəti dövründə bir əsər belə oxumadığını dedi. Eləsi də var ki, ona oxuması üçün pyeslər vermişəm, amma həmin pyesləri başqasına verib oxutdurub və ondan qeydləri götürüb mənə təqdim edir, kitabı oxuduğunu deyir. Aktyorların çoxu ancaq teatrın repertuarına salınan əsərləri oxuyublar. Burada əsəri qoyulmayan dramaturqu isə tanımırlar”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

“Bu teatrda uzun müddət eyni siyasət hökm sürüb. Ancaq teatrda yeni qanunların həyata keçirilməsi lazımdır. Kimsə ortabab belə olmayan pyesini götürüb gəlir Dram Teatrına ki, onun əsəri səhnəyə qoyulsun. Mən bir az dözürəm, o müəllifləri inandırmağa çalışıram ki, bu əsər Dram Teatrında səhnəyə qoyula bilməz. Hələ dözürəm, ancaq görsəm ki, vəziyyət başqa cürdür, o zaman həmin əsərləri mətbuata verəcəyəm. Necə ola bilər ki, sən primitiv düşüncənlə bu camaatı incidirsən. Teatrı məhv etməyin...”

İ. İsrafilov bildirib ki, teatrın hazırkı vəziyyətdə olmasına səbəb həm dramaturgiya, həm də rejissuradır: “Rejissorluğa gəlincə, hər kəsə tamaşa vermək olmaz. Ali diplomu və ya savadı var deyə, hamını Akademik Milli Dram Teatrının səhnəsinə buraxmaq doğru deyil. Çox nüfuzlu adamlar zəif əsələr yazırlar və müxtəlif yollarla onu teatra sırıyırlar. Bunları demək məcburiyyətindəyəm. Deyim var, “desəm öldürərlər, deməsəm ölləm”. Kimsə özünü pis edib, bunları deməlidir. Yaradıcılıq səviyyəsinin aşağı düşməsində birinci səbəb zəif dramaturgiya, ikinci səbəb isə rejissorluğun dilsizliyi olub. Rejissorun səhnə, üslub dili var. Rejissorun müəyyən bir dünyanı, insanları, cəmiyyəti anlayan qiymətləndirən, bilavasitə bədii realizə işində onu müasirləşdirən istedad keyfiyyətləri var ki, bu mənada bizim rejissura əksər hallarda uduzur. Bu da həm mütəxəssisləri, həm də teatrları təmin etmir”.

Teatrda yenidən işə başlayacaq aktyor heyətinə gəlincə teatr rəhbəri bildirib Akademik Milli Dram Teatrı aktyor baxımından əziyyət çəkmir: “Doğrudur, teatrımızda yaşlı və gənc nəsil aktyorlar arasında yaradıcılıq zəifliyi var. Ayrı-ayrılıqda hər bir nəslin aktyoru çox istedadlıdır. Anacq problem ondadır ki, aktyor heyəti kollketiv, ansambl şəklində işləyə bilmir. Bu problemi də həll etməyə çalışacağıq”.

Onun sözlərinə görə, nəzərdə tutulan müddətdə teatrda yaradıcı mühit formalaşdırılacaq: “Güman edirəm ki, bu problemlər həll olunacaq. Mən buna əminəm, bunu bacaracağıq. Görsəm ki, bacara bilmirəm, çıxıb gedəcəyəm...”

Qeyd edək ki, Akademik Milli Dram Teatrında keçirilməsi nəzərdə tutulan müsabiqə ləğv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR