Akademik Milli Dram Teatrında əsər səhnələşdirəcək əcnəbi rejissorların adları açıqlanıb

Akademik Milli Dram Teatrında əsər səhnələşdirəcək əcnəbi rejissorların adları açıqlanıb
# 14 yanvar 2011 15:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyəli rejissor Şakir Gürzümarı, gürcü rejissorlar Robert Sturua və Levan Tseladze, Kişinyov teatrının rejissoru Peter Rudkaro, italyan Luka Ronkoni Akademik Milli Dram Teatrında əsər səhnələşdirəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə teatrın direktoru İsrafil İsrafilov məlumat verib.

O qeyd edib ki, teatr əməkdaşlıq edəcəyi əcnəbi rejissorlar sırasında tanınmış italyan rejissoru Luka Ronkonini də olacaq: “Yanvarın sonunda Milana gedəcəyəm və Luka Ronkoninin tamaşalarına baxacağam. Əslində 2016-cı ilə qədər onun iş planı dolub. Amma bizdə 2012-ci ildə tamaşa qoymağa razılıq verib. O, bizim teatrda Covanni Verqanın “Dişi canavar” əsərini səhnələşdirəcək”.

İ. İsrafilovun sözlərinə görə, martın 10-dan tamaşaçıların üzünə açılacaq teatr üçün yeni üç illik proqram tərtib olunub. Teatr rəhbəri qeyd edib ki, yazarlardan Afaq Məsud, Orxan Fikrətoğlu və Günel Anarqızı, rejissorlardan Azər Paşa Nemətov, Vaqif İbrahimoğlu, Bəxtiyar Xanızadə və Finlandiyada yaşayan həmyerlimiz Kamran Şahmərdan, aktyorlardan Fuad Poladov, Fəxrəddin Manafov, Elşən Rüstəmov və Mehriban Zəki müqavilə əsasında teatra işə dəvət olunublar. Akademik Milli Dram Teatrında Azər Paşa Nemətov “Hacı Murad”, Vaqif İbrahimoğlu “Lənkəran xanının vəziri”, Kamran Şahmərdan Elçinin “Teleskop” əsərlərini səhnələşdirəcək. Afaq Məsudun “Yol üstə” əsərinə isə Mehriban Ələkbərzadə quruluş verir.

İ. İsrafilov teatr kollektivinin yeni tamaşalarla İsveçə, Kanadanın üç şəhərinə, Daşkəndə, Ukraynaya qastrol səfərlərinə gedəcəyini deyib. Bundan başqa, Azərbaycan teatr tarixində ilk dəfə olaraq məhz Akademik Milli Dram Teatrının kollektivi iki tamaşa ilə Moskva Bədaye Teatrının səhnəsində çıxış edəcək. İ. İsrafilov Akademik Milli Dram Teatrının Afina teatrı ilə birgə layihə hazırlayacağını da əlavə edib. Layihəyə görə, Robert Sturua “Tavriddə İfigeniya” əsərini yunan və Azərbaycan dillərində tamaşaya qoyacaq. Tamaşada hər iki ölkənin aktyorları iştirak edəcəklər. Əsas obraz olan İfigeniyanı isə Yunanıstanın məşhur teatr və kino aktrisası Tamilla Quliyeva yaradacaq: “Nəzərdə tutduğum 3 illik proqram çərçivəsində yerli və dünya ədəbiyyatından əsərlər səhnələşdiriləcək. Onların arasında klassiklərimizin də əsərləri yer alıb. Perspektivdə 25-30 əsər var”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR