Bəstəkarlar İttifaqının 2011-ci il üçün iş planı açıqlanıb

Bəstəkarlar İttifaqının 2011-ci il üçün iş planı açıqlanıb
# 21 yanvar 2011 11:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2011-ci il ərzində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) təşkilatçılığı ilə bir çox tədbirlər həyata keçiriləcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq ittifaqın bu ilin I yarısı üçün iş planının layihəsi hazırlanıb. İş planına uyğun olaraq yanvarın sonlarında “Kamera musiqisi” bölməsinin, eləcə də “Musiqişünaslıq və tənqid” bölməsinin iclaslarının keçirilməsi nəzərdə tutulur.

Fevralın 5-də Qara Qarayevin doğum günü münasibətilə anım mərasimi, fevralın 11-də Azərbaycan Dövlət Filarmoniyasında Əşrəf Abbasovun 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi, fevralın 12-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Bəhram Mansurovun 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi və kitabın təqdimatı, “Müasirlərlə dialoq” silsiləsindən xalq rəssamı Toğrul Nərimanbəyovla görüş, “Xalq Çalğı Alətləri Orkestri üçün musiqi” bölməsinin iclası keçiriləcək. Mart ayında keçirilməsi nəzərdə tutulan tədbirlər siyahısına ABİ-nın Şuşa Bəstəkarlar Təşkilatının təşkilatçılığı ilə Şuşa məktəbləri şagirdlərinin konserti, “Con tempo” müasir musiqi ansamblının təqdimatında A. Şönberqın “Aylı Pyerro” əsərinin Bakıda ilk ifası salınıb.

Apreldə Lənkəran şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının Səyyar Plenumu, Oqtay Rəcəbovun 70 illiyinə həsr olunmuş yubiley gecəsi, Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı, “Müasirlərlə dialoq” silsiləsindən akademik Yaqub Mahmudovla görüş, Ədilə Hüseynzadənin 95 illiyinə həsr olunmuş xatirə gecəsinin keçirilməsi planlaşdırılır. Bu ilin may və iyun aylarında “Müasirlərlə dialoq” silsiləsindən görkəmli heykəltəraş Ömər Eldarovla görüş, “Simfonik və xor musiqisi” bölməsinin iclası İlyas Mirzəyevin 50 illiyi ilə bağlı iclas, Cahangir Cahangirovun 90 illik yubileyinə həsr olunmuş xatirə gecəsi, Şəki şəhərində “İpək yolu” II Beynəlxalq Musiqi Festivalının keçirilməsi gözlənilir. ABİ-nin cari il üçün iş planına eyni zamanda “Eurovision” müsabiqəsində Azərbaycan bəstəkarlarının iştirakı da salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR