II Beynəlxalq Muğam Festivalı çərçivəsində beynəlxalq muğam müsabiqəsinin “Qran-pri” sahibinə 20 min avro mükafat veriləcək

II Beynəlxalq Muğam Festivalı çərçivəsində beynəlxalq muğam müsabiqəsinin “Qran-pri” sahibinə 20 min avro mükafat veriləcək
# 27 yanvar 2011 10:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 14-dən 21-nə qədər Bakıda keçiriləcək II Beynəlxalq Muğam Festivalı çərçivəsində gənc muğam ifaçılarının müsabiqəsi təşkil olunacaq. APA-nın xəbərinə görə, müsabiqədə Azərbaycanı fevralın sonunda keçiriləcək Respublika Muğam Müsabiqəsinin üç qalibi təmsil edəcək.

Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi deyib ki, müsabiqənin püşkatma mərasimi martın 17-də olacaq. Martın 18-i, 19-u və 20-si isə müsabiqə günləridir. Müsabiqəyə qatılmaq istəyən digər ölkələrin ifaçıları namizədliklərini verməkdə davam edirlər. Ona görə də yarışmada iştirak edəcək ölkələrin tam siyahısı hələ məlum deyil.

S. Kərimi qalibləri müəyyən edəcək münsiflər heyətinin 7 nəfərdən ibarət olacağını vurğulayıb. Onun sözlərinə görə, birinci dəfə olduğu kimi, bu dəfə də münsif kürsüsündə dörd Avropa, üç Azərbaycan təmsilçisi əyləşəcək: “Azərbaycan tərəfdən münsiflərdə mən, Ramiz Zöhrabov və adını hələ dəqiqləşdirmədiyimiz bir nəfər də olacaq. Müsabiqənin mükafat fondunun həcmi dəyişməyib. Qaliblərə birinci müsabiqədə olduğu qədər mükafat təqdim ediləcək. Bu, dünyada keçirilən müsabiqələr içində qaliblərə verilən ən yüksək məbləğdir”.

Xatırladaq ki, 2009-cu ildə keçirilən ilk müsabiqənin əsas mükafatı olan “Qran-pri”ni əməkdar artist Təyyar Bayramov qazanıb. I yerə Özbəkistandan Yulduz Turbiyev, II yerə İrandan Məhəmməd Motamidi, III yerə isə misirli Mustafa Səid layiq görülüb. “Qran-pri” sahibinə 20 min, birinci yerin qalibinə 15 min, ikinci yeri tutana 10 min, üçüncü yeri tutana isə 5 min avro mükafat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR