Əbülfəs Qarayev: “Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin Böyük Teatrda nümayiş olunması bizim üçün mühüm hadisədir”

Əbülfəs Qarayev: “Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin Böyük Teatrda nümayiş olunması bizim üçün mühüm hadisədir”
# 21 fevral 2011 10:40 (UTC +04:00)
Moskva. Fərid Əkbərov-APA. “Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin Böyük Teatrda nümayiş olunması bizim üçün mühüm hadisədir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Moskvada Rusiya Akademik Böyük Teatrının əsas səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası artistlərinin ifasında Qara Qarayevin “Yeddi gözəl” baletinin nümayişinə həsr olunan mətbuat konfransında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev söyləyib. Ə. Qarayev bu təşəbbüsə görə, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinə və Moskva Böyük Teatrının rəhbərliyinə təşəkkürünü bildirib: “İndi biz ayrı-ayrı ölkələrik. Balet tamaşalarının nümayiş olunması o qədər də asan məsələ deyil”.

Nazir baletin quruluşçu baletmeysterinin Vasili Medvedyev, musiqi rəhbəri və dirijorunun İstanbul Opera və Balet Teatrında çalışan Elşad Bağırov, quruluşçu-rəssamı Dmitri Çerbadji, geyim üzrə rəssamı isə Tahir Tahirov olduğunu bildirib: “Tamaşada Bəhram şah rolunu Mixail Lobuxin oynayacaq. Gözəllər gözəli rolunda isə Azərbaycanın əməkdar artisti Kamilla Hüseynova çıxış edəcək”.

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixayil Şvıdkoy çıxışında Qara Qarayevin rus teatrı ilə əməkdaşlığından danışıb. O, dahi bəstəkarın rus teatrlarında bir neçə əsərinin səhnələşdiridiyini söyləyib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında müəllimi olan Qara Qarayevin əsərinin Moskva Böyük Teatrında səhnəyə qoyulmasından çox şad olduğunu bildirib: “Bu çox böyük bir işdir. 130 teatr əməkdaşının buraya gətirilməsi böyük zəhmət tələb edir. Bu zəhmət bu gün öz nəticəsini verir. Artıq tamaşaya bilet yoxdur. Bütün biletlər satılıb”. P. Bülbüloğlu Rusyada fəaliyyət göstərən 20 xarici ölkə səfirinin tamaşanı izləməyə gələcəyini söyləyib.

Qeyd edək ki, bu axşam Moskva Böyük Teatrının səhnəsində Qara Qarayevin “Yeddi gözəl” baleti nümayiş olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR