Aşqabadda “Türk xalqlarının mədəni irsi” mövzusunda beynəlxalq festival və elmi konfrans keçirilib

Aşqabadda “Türk xalqlarının mədəni irsi” mövzusunda beynəlxalq festival və elmi konfrans keçirilib
# 04 may 2011 11:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Türkmənistanın paytaxtı Aşqabadda “Türk xalqlarının mədəni irsi” mövzusunda beynəlxalq festival və elmi konfrans keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Türkmənistan dövləti və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirlərə Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Başqırdıstan, Qaqauz Yeri muxtar vilayəti, həmçinin Şimali Kiprdən iştirakçılar qatılıb. Tədbirdə Azərbaycanı nazirliyin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Festivalın rəsmi açılış mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov festival və elmi konfransın türk mədəniyyətlərinin təbliğinə xidmət etdiyini vurğulayıb. Qurumun son illər həyata keçirdiyi layihələrdən bəhs edən D.Kaseinov konkret olaraq Üzeyir Hacıbəylinin “Koroğlu” operasına TÜRKSOY-un təşəbbüsü ilə yeni quruluş verildiyini, operanın türkdilli ölkələrdə - Almatı, Bişkek, Ankara və Bakıda təqdimatlarının keçirilməsini mühüm hadisə kimi qeyd edib. TÜRKSOY-in baş katibi ümumtürk bayramı olan Novruzun ötən il Parisdə, bu il Nyu-Yorkda təntənəli şəkildə qeyd olunduğunu nəzərə çatdırıb, bu tədbirlərin qədim və zəngin türk mədəni irsinin təbliğinə xidmət etdiyini deyib.
Festivalda Rəşid Behbudov adına Mahnı Teatrının musiqi kollektivi, müğənnilərdən əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova, Əbülfət Nəzərov, baletmeyster Zakir Ağayevin rəhbərliyi ilə rəqs qrupu da çıxış edib. Həmin gün Aşqabaddakı “Vətən” kinoteatrında azərbaycanlı rejissor Samir Kərimoğlunun “Niyyət” bədii filmi də göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR