Moskvada keçiriləcək V Beynəlxalq Yay Teatr Məktəbinə Azərbaycandan iki aktyor dəvət edilib

Moskvada keçiriləcək V Beynəlxalq Yay Teatr Məktəbinə Azərbaycandan iki aktyor dəvət edilib
# 27 may 2011 15:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mayın 30-dan iyunun 26-na kimi Moskvada Rusiyanın Teatr Xadimləri İttifaqının V Beynəlxalq Yay Teatr Məktəbi keçiriləcək. Layihə Rusiya Federasiyasının rəhbərliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır. Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, yay teatr məktəbinə Azərbaycandan iki nəfər - Akademik Milli Dram Teatrının aktrisası Şəlalə Quliyeva və “Can as” studiyasından Mahir Cananov dəvət olunublar.

Bir ay ərzində iştirakçılar Moskvanın və Sankt-Peterburqun aparıcı teatr məktəblərinin tanınmış teatr pedaqoqlarının rəhbərliyi ilə peşəkarlıq səviyyələrini yüksəldəcəklər. Bu il layihənin 5 ili tamam olur. Ənənəyə uyğun olaraq bu il də layihə çərçivəsində Aleksandr Kalyagin, Lev Dodin, Adolf Şapiro, Andrey Moquçiy, Sergey Jenovaç, Andrey Xrjanovski, Konstantin Boqomolov kimi görkəmli teatr xadimlərinin ustad dərslərinin keçirilməsi planlaşdırılır.

Layihə çərçivəsində 4 tamaşa (2 dramatik, 1 kukla, 1 plastik) hazırlanacaq. Tamaşaların premyeraları Moskvanın Zveniqorod və Serpuxov teatr meydanlarında nümayiş olunacaq. Layihə çərçivəsində iştirakçılar üçün geniş mədəni proqram – Moskva teatrlarının tamaşalarına baxış, yaradıcılıq görüşləri, əyləncəli tədbirlər nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR