Kamran İmanov: “Müəllif hüquqlarına dair beynəlxalq konvensiya olmadığı üçün bu sahədə nəticə əldə etmək mümkün olmur”

Kamran İmanov: “Müəllif hüquqlarına dair beynəlxalq konvensiya olmadığı üçün bu sahədə nəticə əldə etmək mümkün olmur”
# 11 iyul 2011 11:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Ermənilərin Azərbaycan mədəniyyət nümunələrini mənimsəməsi yeni hadisə deyil. Hətta mən bunu Azərbaycan mədəni ənənələrinin ermənilər tərəfindən mənimsənilməsi ənənəsi adlandırıram”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov deyib. O bildirib ki, bu cür faktlar daim beynəlxalq təşkilatlara çatdırılır, müxtəlif mötəbər tədbirlərdə bu məsələ qaldırılır. K. İmanov bu addımların nəticə verməməsinin səbəbini belə izah edib: “Bir nəticəyə gəlmək üçün ən azı gərək bu sahəni dünya səviyyəsində tənzimləyən beynəlxalq konvensiya olsun. Artıq 11-ci ildir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatında bu müzakirələr hökumət səviyyəsində gedir, ancaq ortaq məxrəcə gələ bilmirlər. İnanıram ki, bu il konvensiya razılaşdırılacaq. Belə konvensiya olsa, müxtəlif dövlətlərə öhdəlik qoyulacaq və dövlətlər folklor nümunələri, mədəniyyət ənənələri ilə bağlı öhdəliklərini yerinə yetirməyə məcbur olacaqlar”.

K. İmanov hər oğurluq faktı ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına müraciət etdiklərini söyləyib: “İstəyirik ki, bunların hamısı onların arxivlərində qalsın. Keçmişdə mənimsəyiblər, biz susmuşuq və bununla da həmin əsərləri erməniləşdiriblər. Bu hala daha yol verə bilmərik”.

Ermənistanın Müəllif Hüquqları Agentliyinin rəhbərliyi ilə görüşmədiyini deyən K. İmanov, onlarla vaxtaşırı eyni tədbirdə iştirak etdiklərini vurğulayıb: “Onlar beynəlxalq strukturlarda bizə yaxınlaşmırlar. Çünki biz hər yerdə, xüsusən də hökumətlərarası komitələrdə bu məsələləri qaldırırıq. Ümumiyyətlə, onlarda əqli mülkiyyət sahəsi bərbad vəziyyətdədir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR