Vyanada “Azərbaycan: Nar məkanı” adlı təntənəli bayram tədbiri keçirilir

Vyanada “Azərbaycan: Nar məkanı” adlı təntənəli bayram tədbiri keçirilir
# 17 noyabr 2011 10:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Vyananın Mixaelerplatz meydanında “Azərbaycan: Nar məkanı” adlı təntənəli bayram tədbiri keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Avstriyadakı səfirliyi və Vyana şəhər meriyasının birgə təşkil etdiyi “Nar Bayramı” Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibəti və 2011-ci ilin ölkəmizdə Turizm ili elan edilməsi ilə əlaqədar təşkil olunub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, tədbirin açılışında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva narı gənclik, gözəllik, sağlamlıq və müdriklik rəmzi kimi təqdim edib. O, qeyd edib ki, dünyada mövcud olan 60-dan artıq nar sortunun hamısı bərəkətli Azərbaycan torpağında bitir. Sonra Vyana şəhər meriyasının xarici əlaqələr şöbəsinin rəhbəri Andreas Launer və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış ediblər. Natiqlər bir daha bu kimi tədbirlərin hər iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verəcəyini vurğulayıblar.

Bayramın bədii hissəsində Azərbaycan Dövlət Pantomima Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadənin hazırladığı “Məlikəhmədin nağılı” nümayiş etdirilib. “Emil Əfrasiyab və dostları” qrupu (əməkdar artistlər Teyyub Aslanov, Ruslan Hüseynov, Tofiq Cabbarov, artistlər Samir Şirinov, İskəndər Ələskərov) bayram tədbirində canlı musiqi ilə çıxış ediblər. Əməkdar artist Ənvər Sadıqovun qarmonda, Hüseyn Hüseynovun zurna və klarnetdə misilsiz ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Çadırlarda “Azərxalça” Elmi-Yaradıcılıq İstehsalat Birliyinin məhsulu olan xalçalar sərgiləndi, misgərlik və dulusçuluq məmulatları, şəbəkə sənəti nümunələri nümayiş etdirildi. Misgər Nəzər Əliyev, dulusçu Xalid Şabanov, şəbəkə ustası Hüseyn Hacımustafazadə kimi sənətkarlarımız elə sərgidəcə öz məharətlərini tamaşaçılara nümayiş etdiriblər.

Bayram tədbirində Avstriya hökumətinin, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ATƏT-in təmsilçiləri, Qazaxıstan Respublikasının turizm nazirinin müavini, Avstriya–Azərbaycan Ticarət Palatasının əməkdaşları, Vyana ictimaiyyətinin nümayəndələri, ziyalılar, həmvətənlərimiz, Vyanaya gələn turistlər iştirak ediblər. Üç hissədən ibarət bədii proqramın rejissoru əməkdar incəsənət xadimi Gülçöhrə Şəfiyeva, rəssamı və dizayneri Çingiz Babayevdir. Rəqslərin quruluşu xalq artisti Yusif Qasımovundur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR