“Uşaq mahnılarının dünəni, bu günü və sabahı” müzakirə edilib

“Uşaq mahnılarının dünəni, bu günü və sabahı” müzakirə edilib
# 06 iyun 2012 10:06 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “Uşaq mahnılarının dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova bildirib ki, aparılan araşdırmalar nəticəsində zəngin uşaq mahnıları bazasına malik ölkəmizdə uşaqların mədəni formalaşmasına dövlət tərəfindən böyük diqqət göstərilməsinə baxmayaraq, müəyyən problemlərin mövcudluğu aşkarlanıb: “Uşaq mahnıları mövcud bazar iqtisadiyyatı şəraitində nədənsə gəlirli sahə hesab edilmədiyindən uzun illər ruhumuzu oxşayan musiqilər unudulmaqdadır. Buna səbəb kimi uşaq mahnılarına həm telekanallarda, həm də radioda efir vaxtının olduqca az ayrılması, disklərin buraxılmaması və digər səbəbləri göstərmək olar”.
İ. Yaqubova deyib ki, ölkədə fəaliyyət göstərən, beynəlxalq müsabiqə və festivallarda Azərbaycanı uğurla təmsil edən uşaq mahnı və rəqs kollektivlərinə efirdə az rast gəlmək olur: “Uşaq mahnılarının ifası və populyarlaşdırılması bu gün ümumiyyətlə, gündəmdə deyil. Sirr deyil ki, uşaqlar bu gün gənclər və ya böyüklər üçün yazılan mahnıları daha çox tanıyır və ifa edir. Buna görə də mənasını dərk edə bilmədikləri mahnıların sədası altında böyüyürlər. Eyni zamanda, uşaq mahnılarının bəstələnməsinə son illərdə maraq xeyli azalıb, cavan bəstəkarlar isə bu sahəyə maraq göstərmirlər”.

Tədbirdə çıxış edən uşaq mahnılarının bəstəkarı Oqtay Zülfüqarov da problemlə bağlı fikirlərini bölüşüb və uşaq mahnılarına marağın olmamasını pisləyib.

Qeyd edək ki, tədbir QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ELS-in həyata keçirdiyi “Uşaq internet portalının inkişaf etdirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR