Türkiyədə keçiriləcək Azərbaycan Mədəniyyət Günlərinin proqramı açıqlanıb

Türkiyədə keçiriləcək Azərbaycan Mədəniyyət Günlərinin proqramı açıqlanıb
# 14 iyun 2012 11:14 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlıq protokola əsasən gerçəkləşəcək.
Ankara və İzmir şəhərlərində keçiriləcək mədəniyyəti günləri çərçivəsində konsert proqramları, sərgi və konfransların təşkili də nəzərdə tutulur. Türkiyədə ilk dəfə keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə ziyalılar və incəsənət ustalarından ibarət 70 nəfərlik nümayəndə heyəti iştirak edəcək.
Mədəniyyət günlərinin təntənəli açılış mərasimi iyunun 18-də Ankara şəhərində gerçəkləşəcək. Mərasimdə incəsənət ustalarımız geniş konsert proqramı təqdim edəcək. Konsertdə Q. Qarayev adın Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor xalq artisti Teymur Göyçayev), Dövlət Rəqs Ansamblı (bədii rəhbər xalq artisti Afaq Məlikova), solistlər - vokalçı, xalq artisti Samir Cəfərov, gənc vokalçı Aygün Zeynalova, eləcə də muğam ifaçıları, respublika müsabiqələri laureatları Babək Niftəliyev və Arzu Əliyeva, həmçinin əməkdar artist Sahib Paşazadənin rəhbərliyi ilə instrumental ansambl, balaban ifaçısı, əməkdar artist Şirzad Fətəliyev çıxış edəcək. Konsertdə Türkiyədə yaşayan həmyerlilərimiz, əməkdar artist Azərin və beynəlxalq müsabiqələr laureatı, gənc və istedadlı vokalçı Elvin Xoca Qəniyevin də iştirakı nəzərdə tutulub. Sənətçilərin ifasında qədim və müasir Azərbaycan musiqisinin ən müxtəlif janrları – xalq və bəstəkar mahnılarımız, klassik musiqi əsərlərimiz, simfonik musiqilər səsləndiriləcək.

Mədəniyyət günlərinin ikinci günü TÜRKSOY-un Ankaradakı iqamətgahında dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi münasibətilə elmi konfrans keçiriləcək. Tədbirdə AMEA-nın müxbir üzvü, professor, millət vəkili Nizami Cəfərov və Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə böyük Azərbaycan şairinin yaradıcılığı, dünya poeziyasındakı yeri, Nizami və Azərbaycan musiqisi mövzusunda çıxış edəcəklər.
Mədəniyyət günləri çərçivəsində Ankarada rəsm, xalça, milli geyim və xalq tətbiqi sənət nümunələrimizdən ibarət sərgi də təşkil olunacaq. Sərgidə nümayiş olunacaq əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondlarından seçilib. Sərgidə boyakarlıq, heykəltəraşlıq, misgərlik, xalçaçılıq nümunələri, qədim musiqi alətləri ilə yanaşı, “Bakı” Milli Geyim Evinin kişi və qadın geyimləri də nümayiş olunacaq. Təqdim olunacaq boyakarlıq nümunələri arasında Elbəy Rzaquliyev, Kamal Əhməd, Oqtay Şıxəliyev, Qafar Seyfullayev, Davud Kazımov, Əyyub Hüseynov, Hüseyn Haqverdiyev və digər tanınmış rəssamlarla yanaşı, Emin Əsgərov, Anar Hüseynzadə, Adil Yusifov kimi gənc rəssamların əsərləri də yer alacaq.
Mədəniyyət günləri İzmir şəhərində davam edəcək. Burada incəsənət ustalarımızın iştirakı ilə geniş konsert proqramı keçiriləcək. Azərbaycanın xalq tətbiqi sənət inciləri, milli geyim, xalça və rəngkarlıq nümunələrindən ibarət sərgi İzmirdə də nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR