Mədəniyyət və Turizm Nazirliyinin saytı yenilənib

Mədəniyyət və Turizm Nazirliyinin saytı yenilənib
# 18 iyun 2012 16:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı yeni versiyada istifadəyə verilib. APA-nın məlumatına görə, nazirliyin analitik təhlil və proqramlar şöbəsinin müdiri Qabil Abbasov APA-ya açıqlamasında bildirib ki, bu gün istifadəyə verilən bu versiyada bir çox yeniliklər edilib. Q. Abbasovun sözlərinə görə, eyni ünvanda – mct.gov.az-da fəaliyyət göstərən yeni versiya birinci saytdan funksionallığı və dinamikliyi ilə fərqlənir. Daha bir yenilik isə saytın üç yox, beş - Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində fəaliyyət göstərməsidir.

Nazirliyin saytında bir çox yeni bölmələr və fiziki şəxslərin rahatlığını təmin edən qrafik yaradılıb. Belə ki, sayt vasitəsi ilə istənilən fiziki şəxs mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qəbuluna yazıla bilər. Q. Abbasov qeyd edib ki, saytda Azərbaycanın interaktiv xəritəsi, elektron müraciət, elektron xidmətlər, müxtəlif sənədlərin qəbulu, fiziki şəxs və ya turizm şirkəti haqqında hər hansı ərizə forması yer alıb. Artıq sayt vasitəsi ilə istənilən mehmanxana və ya yerləşdirmə obyektlərin sahibləri obyektlərin hansı kateqoriyaya cavab verdiyini hesablamasını apara biləcəklər.

Eyni zamanda nazirliyin yenilənmiş saytında sual və cavab bölməsi, sənədlər bölməsi, turizm və mədəniyyət sahəsinə lazım olan məlumatlar öz əksini tapıb. Turizm obyektləri haqqında da geniş məlumatlar sözügedən saytda toplanılıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış Azərbaycanın ilk elektron xəritəsi də (gomap.az) saytın şəhərlər bölümündə istifadə olunur. Obyektlərin hər biri bu xəritə ilə sinxron işləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR