Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb - FOTOSESSİYA

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb - <font color=red>FOTOSESSİYA</font>
# 21 iyun 2012 09:48 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb. APA-nın məlumatına görə, yeni qurumun yaradılması ilə bağlı bu gün “Nizami” Kino Mərkəzində keçirilən “Kino və konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə qərar verilib.

İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin tərkibinə Şəfiqə Məmmədova, Eldar Quliyev, Ayaz Salayev, Cəmil Quliyev, Vaqif Mustafayev, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Mais Ağabəyov, Yusif Quliyev, Siyavuş Kərimi, “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov, “Nərimanfilm” Kinostudiyasının direktoru Nəriman Məmmədov daxildir.

Tədbirdə çıxış edən Cəmil Quliyev bildirib ki, yaradılma təşəbbüsü irəli sürülmüş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyət istiqamətləri - milli filmlərin beynəlxalq arenaya çıxarılması, milli filmlərin təşkili, beynəlxalq simpozium və konfransların təşkili, kino infrastrukturunun formalaşdırılmasıdır.

Azərbaycanın xalq artisti Şəfiqə Məmmədova bildirib ki, bu gün Azərbaycan kinosunun əsas problemlərindən biri gənc nəslin formalaşmaması məsələsidir: “Gənc nəslin demokratik, sağlam, mədəni mühitdə inkişafı çox vacib məsələdir. Biz bunu kinoya da gətirib, maarifləndirmə işi aparmalıyıq”.

Müzakirədə çıxış edən kinorejissor Oqtay Mirqasımov Azərbaycan kinosunun mövcud vəziyyətindən danışıb, bu sahənin inkişafının bir nəfərdən asılı olmadığını qeyd edib: “Kinoda tək adam heç nədir, bu, kollektiv əməyin nəticəsidir. Mən 16 yaşımda kinoya gəldim və burda püxtələşdim. Kinonun inkişafı üçün atılan hər bir addım məni sevindirir. Bu qurumun yaranması da məni sevindirir və bu qurumun yaranması çox şey deməkdir. Biz bu illər ərzində çox şeylər itirmişik, çünki Birliyimiz yalnız sözdə olub. Ümid edirəm ki, bundan sonra əməldə də olacaq. Beş ildən çoxdur ki, bu barədə düşünürəm və bununla bağlı çox fikirlər söyləmişəm”. O. Mirqasımov kinoşünaslıq ənənələrinin itirilməkdə olduğunu təəssüflə qeyd edib, bunu müasir texnologiyalardakı problemlərlə də əlaqələndirib: “Sözsüz, uğursuz olduğumuz başqa məsələlərdə var. Düşünürəm ki, bu müddət ərzində həm rəhbərlik, həm də xalq bizdən iş gözləyirdi. Yenə qayıdıram əvvəlki fikrimə - birlik! Məhz birlik hər şeyi həll edəcək”.

Kinorejissor Ayaz Salayev isə qeyd edib ki, kino xadimləri cəmiyyət üçün həqiqətən dəyərli insanlardır: “Biz heç nədən məhsul – film hazırlayırıq. Film həm satmaq üçün məhsul, həm də mədəniyyətin təbliğidir. Bizlər gələcəyə doğru addımlayırıq. Gələcəyə filmlərlə addımlamaq mümkündür və vacibdir. Digər vacib olan məsələ isə - dəyərlərdir. Lazımi dəyərlərin yaranması və inkişafı üçün kino ictimaiyyətinin belə birliyinin yaranması vacib idi. Yaradıcı insanlar tək olsa da, yaradıcı ailəyə ehtiyacı var. Yaxşı ki, belə bir cəmiyyət yarandı və biz bu cəmiyyətin içindəyik”.

Müşfiq Hətəmov Azərbaycan kinosunda müasir səsyazma, qrim problemlərinin mövcudluğundan danışıb.

Kinorejissor Vaqif Mustafayev Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu vurğulayıb: “Hazırda mövcud olan Kinematoqrafçılar İttifaqının fəaliyyəti qənaətbəxş deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər. Lazımdır ki, milli filmlər təhlil və təbliğ olunsun, kino mühiti yaransın. Kinonun tədrisi də vacib məsələlərdən biridir”.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yarandığı elan olunub və xalq artisti Şəfiqə Məmmədova ittifaqın sədri seçilib. Cəmil Quliyev isə qurumun icraçı katibi seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR